“QƏBƏLƏ EŞ”: ŞƏBƏKƏ QIŞ FƏSLİNƏ HAZIRDIR
Son vaxtlar digər enerji obyektlərində olduğu kimi, “Qəbələ Elektrik Şəbəkəsi”ndə (EŞ) də həyata keçirilən məqsədyönlü tədbirlər rayonun enerjiyə olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan yaradır.
“Qəbələ EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri (EVX), transformator məntəqələri və yarımstansiyalarda cari ilin son üç ayı ərzində geniş miqyaslı əsaslı və cari təmir işləri yerinə yetirilmişdir.
110 kV-lik “Hacalı” yarımstansiyasından çıxan 10 kV-lik “Əmili”, “Dızaxlı”, “Pirəlli”; “Laza” yarımstansiyasından çıxan 10 kV-lik “Laza”; eyni zamanda 35 kV-lik “Qəbələ” yarımstansiyasından çıxan 10 kV-lik I “Şəhər”; “Nic” yarımstansiyasından çıxan 10 kV-lik “Mıxlıqovaq” və digər hava elektrik verilişi xətlərində (HEVX) yerinə yetirilən təmir-bərpa işləri buna bariz nümunədir. Sozügedən HX-lərin ümumilikdə 9,8 kilometrə yaxın hissəsi təmir edilmişdir. Sözügedən dövrdə rayonun 0,4 kV-lik EVX-lərində də müxtəlif təyinatlı təmir işləri uğurla aparılmışdır. O cümlədən, 7,6 kilometrdən artıq xətt təmir edilmişdir. Qeyd edək ki, cari ilin son üç ayı ərzində 10 TM də müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin sentyabr ayında burada keçirilmiş reydlər zamanı 28 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 63,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 310-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış, 1 milyon 422 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 85,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 30 faizdən artıq hissəsinin ödənişi hesabat dövründə təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.