XAÇMAZ EŞ: MÜHÜM İŞLƏR GÖRÜLMÜŞDÜR

Image

Xaçmaz şəhərinin və rayonun yaşayış məntəqələrinin elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması üçün cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan paylayıcı şəbəkələrdə əsaslı və cari təmir işləri həyata keçirilərək bir sıra mühüm tədbirlər görülmüşdür.

“Xaçmaz elektrik şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 10 kV-lik “Pivə-Zavod”, “Çarxı”, “Buruq”, “Əhmədoba” və digər bir neçə hava elektrik verilişi xətlərində  müxtəlif təyinatlı təmir-bərpa işləri icra edilmiş, enerji daşıyıcıların iş qabiliyyəti daha da yaxşılaşdırılmışdır. Ümumiyyətlə, isə 10, 6 və 0,4 kV-lik EVX-lərdə müxtəlif təyinatlı təmir işləri həyat keçirilmişdir.  O cümlədən, 6,5 kilometrə yaxın xətt təmir edilmiş, 2,8 km-ə yaxın kabel xətti çəkilmişdir. Eyni zamanda 12 dayaq dəmir-beton dayaqla əvəzlənmiş, 20-dən çox dayaq düzləndirilmişdir. Bütün bunlarla yanaşı hava xəttlərinə (HX) yaxın ağaclar budanmış və sallaq naqillər dartılmışdır. Bu da növbəti qış fəslində istehlakçıların elektrik enerjisindən fasiləsiz istifadəsinə yüksək təminatın yaradılması deməkdir.

Qeyd edək ki, EŞ-in xidməti ərazisində sözügedən dövrdə bir yeni TM quraşdırılmış, 35 KTM təmir edilmiş və bir ədəd transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.

Onu da qeyd edək ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 20 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 48,9 min  kilovatsaata yaxın (bunun 28,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 2,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində aşkar edilmiş 297 qayda pozuntusuna görə 2 milyon 4 min kilovatsaata yaxın (bunun 490,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 120,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 32 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.