MÜVAFİQ TƏMİR-BƏRPA İŞLƏRİ APARILMIŞDIR

Image

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, paylayıcı elektrik şəbəkələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Digər enerji obyektləri kimi “Ucar” elektrik şəbəkəsinin (EŞ) də xidməti ərazisində təmir işləri uğurla həyata keçirilir.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, həmişə olduğu kimi, cari ilin son üç ayında da kollektiv istismar səviyyəsinin yüksəldilməsi və qış mövsümünə hazırlıq istiqamətində bir sıra tədbirlər həyata keçirib.  Belə ki, 10 kV-lik “3-cü kənd”, “Broyler”, “Qazıqumlaq”, “Bağman” və digər bir neçə hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkənin 5 kilometrə yaxın hissəsində əsaslı təmir işləri aparılmış və 10 dayaq yenisi ilə əvəzlənmişdir. Qeyd edək ki, şəbəkənin xidməti ərazisində olan 42 transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 39 istehlakçının (bunun 24-ü məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 98,3 min  kilovatsaatdan artıq (bunun 78,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,9 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 15 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 517 qayda pozuntusu (bunun 447-si məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) aşkar edilərək akt tərtib olunmuş, 2 milyon 572,1 min kilovatsaatdan artıq (bunun 1 milyon 940 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 154,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Sonda onu da qeyd edək ki, həyata keçirilən təmir-bərpa işləri nəinki istismar səviyyəsinin daha da yüksəldilməsində, eyni zamanda kommersiya itkilərinin qarşısının alınmasında və enerji haqlarının ödənilməsində də mühüm rol oynayır.