ŞƏBƏKƏDƏ TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİB
“Qusar Elektrik Şəbəkəsi”ndə (EŞ) istehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə elektrik verilişi xətlərində, transformator məntəqələrində nəzərdə tutulmuş əsaslı və cari təmir işlərinin vaxtında yerinə yetirilməsi, həmçinin, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi üçün kollektiv öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvəsini səfərbər etmişdir. Həyata keçirilmiş təmir-bərpa işləri qış mövsümündə rayonun enerji təchizatında avadanlıq və xətlərin dayanıqlı işləməsinə səbəb olacaqdır.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, cari ili son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan10 kV-lik “Şəhər” №№17, 5 və 2 hava xətlərində (HX) və eyni zamanda 0,4 kV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. O cümlədən, 55 dayaq, 21,8 km-ə yaxın naqil və 4,5 km kabel xətti dəyişdirilmişdir.
Qeyd edək ki, Piral kəndində iki transformator daha güclüsü ilə əvəz edilmiş, müxtəlif gücdə üç transformator isə əsaslı təmir olunaraq istehlakçıların xidmətinə verilmişdir. Eyni zamanda TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Yeri gəlmişkən, hazırda enerjisistemin dayanıqlığının daha da artırılması, o cümlədən mövsümə hazırlıq məqsədilə şəbəkənin balansında olan digər müxtəlif güclü TM və EVX-lərdə də əsaslı təmir işləri davam etdirilir.
Mənbədən əldə edilən digər bir məlumata görə, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 11 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 13,8 min kilovatsaata yaxın (bu göstərici məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 820 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində 154 qayda pozuntusu aşkar edilərək 512,7 min kilovatsaatdan artıq (bunun 141,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 30,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Sonda onu da qeyd edək ki, mənbədən qayda pozuntularının təsnifatı barədə əldə etdiyimiz məlumatda elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etdiyi bildirilir.