“MINGƏÇEVIR REŞ”: YARIMSTANSIYALARDA ƏSASLI VƏ CARI TƏMIR IŞLƏRI APARILIB
Cari ilin III rübünün son ayı «Mingəçevir REŞ» MMC üçün əsaslı və cari təmirlərlə zəngin olub. 110/35/10 kV-lik «Yevlax» yarımstansiyasındakı 10 kilovoltluq şinlərarası yağ açarı, habelə «İBİ» hava xəttinin yağ açarı əsaslı təmirdən çıxarılıb. Reallaşdırılan əsaslı təmir işləri 110/35/6 kilovoltluq «Şəhər» və «Ucar» yarımstansiyalarında qışa hazırlığın dayanıqlılığını daha da artırıb.
Sözügedən REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari təmirlər 220/110/10 kV-lik «Ağsu» və «Qəbələ» yarımstansiyalarında da həyata keçirilib. Təmir planına uyğun olaraq Ağsuda üç ədəd eleqaz açarı, Qəbələdə isə iki ədəd 63 MVA transformatorun və 1 saylı transformatorun 220 kV-lik U-220 tipli açarı yenilənərək istifadəyə qaytarılıb. «Yevlax» və «Ucar» yarımstansiyalarında üç ədəd eleqaz açarı cari təmirdən çıxarılıb.
110/10 kV-lik «Leyisli», 110/35/10 kV-lik «Ağcabədi» və «Xalac» yarımstansiyalarında yeddi ədəd eleqaz açarının, yeddi ədəd yağ açarının və üç ədəd vakuum açarlarının cari təmirləri bu qəbildəndir.
Balans mənsubiyyətində olan yüksək gərginlikli xətlərin əsaslı və cari təmirləri də payızın ilk ayında diqqət mərkəzində saxlanılıb. Bu işlərin yerinə yetirilməsi payız-qış mövsümü ilə bağlı tədbirlər planının tərkib hissəsi kimi həyata keçirilib. «Mingəçevir REŞ» MMC-nin Mingəçevir sahəsinin əməkçiləri son aylarda bir sıra təmir işləri həyata keçiriblər. 330 kV-lik 5-ci Mingəçevir hava xəttində bir km-dən artıq məsafədə yenilənmə işləri aparılıb. 74 saylı anker dayaqda 20 ədəd izolyator dəyişdirilib. Eyni proses 75 saylı aralıq dayaqda davam edib.
İzolyatorların dəyişdirilməsi üzrə işlər 110 kV-lik 2-ci “Şəhər” hava xəttində (10-dan artıq izolyator), 110 kV-lik 1-ci “Gəncə” hava xəttində (20-yə yaxın) həyata keçirilib.
Bərdə sahəsinin kollektivi də müxtəlif istiqamətlərə ünvanlanan yüksək gərginlikli xətlərdə 40-dan artıq, Yevlax sahəsinin təmirçiləri 4,8 km məsafədə hava xətlərinin 330-dan çox izolyatorlarını yeniləri ilə əvəz ediblər. Tərtər sahəsinin energetikləri isə 110 kV-lik Bərdə-Tərtər hava xəttinin on dayağında qopmuş kontur torpaqlamaları yenidən qaynaq ediblər.
Mənbədən daxil olan digər bir məlumata görə, yarımstansiya xidmətinin və yüksək gərginlikli elektrik verilişi xəttinin usta və mütəxəssisləri havaların əlverişli keçməsindən istifadə edərək xətt və avadanlıqlarda təftiş-yoxlama və sazlama-təmir işlərini ilin sonuna qədər davam etdirəcəklər. Bu isə enerji təchizatı müəssisəsinə daha keyfiyyətli, dayanıqlı və fasiləsiz enerji verilişində müsbət zəmin yaradacaq.