SAYĞAC SXEMLƏRİNƏ MÜDAXİLƏ HALLARININ QARŞISI ALINIR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Şəmkir” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 37 istehlakçının sayğacın uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 639,8 min  kilovatsaat itirilmiş elektrik enerjisinin 38,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 57 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2012-ci ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı burada 420-ə yaxın qayda pozuntusu faktı aşkar edilərək 6 milyon 271,7 min kilovatsaat itirilmiş elektrik enerjisinin 376,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 91 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin sentyabr ayında aşkar edilmiş qayda pozuntularına görə 9 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.

“EŞ-in xidməti ərazilərində vaxtında həyata keçirilmiş hazırlıq işləri hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb”, – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik xətlərin ümumilikdə 18,4 kilometrə yaxın hissəsi təmir olunmuş, 20-ə yaxın dayaq dəyişdirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan TM-lərin 56-da müxtəlif təyinatlı təmir işləri görülmuşdür. O cümlədən, ümumi gücü 17,5 MVA-dan artıq olan 62 transformator da təmir edilərək istehlakçıların ixtiyarına verilmişdir.

Sonda onu da qeyd edək ki, yenidənqurma və təmir işləri növbəti aylarda da davam etdiriləcəkdir.