TEXNİKİ GÖSTƏRİCİLƏR DAHA DA YAXŞILAŞDIRILIR

Image

Sənaye şəhəri olan Sumqayıtın, ümumilikdə isə enerjisistemin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasında müstəsna rolu olan “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) kollektivi tərəfindən, həmişə olduğu kimi, hazırkı dövrdə də texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Bu məqsədlə cari ilin əvvəlindən tərtib edilib təsdiqlənmiş tədbirlər planı əsasən yerinə yetirilib.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan mə­lumata görə, 330 kV-lik I və VIII “Abşeron”, “Xaç­maz”, 220 kV-lik “Yaşma”, 110 kV-lik II “Siyəzən”, II “Maştağa” və digər elektrik verilişi xətlərində, 110 kV-lik “Ceyranbatan”, “83 saylı” və digər yarımstansiyalarda nəzərdə tutulmuş təmir-təftiş və sınaq işləri başa çatdırılıb. Eyni zamanda, payız-qış mövsü­münə hazırlıq məqsədilə yenidənqurma və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin son ayları ərzində 110 kV-lik “Sital­çay”, “Saz-1” və “Saz-2” yarımstansiyalarının hər birində müx­təlif gücdə olan iki transformatorda və onların avadanlıqlarında  təmir işləri aparılıb. Eyni gərginlikli “Xəzri” ya­rımstansiyasının 2 saylı 6,3 MVA-lıq transformatorunda da analoji işlər həyata keçirilib. Bütün bunlarla yanaşı sözügedən dövrdə “Goradil”, “Şamaxı”, “Masazır” və “83 saylı” yarımstansiyalarda transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilib.

Şəbəkədən 110-500 kV-lik   yük­sək gərginlikli elektrik verilişi xətləri (YGEVX) üzrə görülən işlər barədə əldə etdiyimiz məlumatda o da bildirilir ki, yanvar-sentyabr  ay­­larında  YGEVX-lərin 165 km-dən artıq  hissəsində  əsaslı  tə­mir  iş­ləri  aparılıb. Görülən işlərə 330 kV-lik         I “Ab­şeron”,  VIII “Abşeron”,  500  kV-lik  II  “Abşeron” hava xətlərini nü­munə göstərmək olar. Həmin xətlər üzrə ayrı-ayrı dayaq­larda boşalmış troslar dartılıb, torpaq­lama konturu qaynaq olunub, dayaqlararası aşırımlarda zədəli naqillər  təmir  edilib, açılmış qol­lu sıxaclar bərpa olunub. İl­dı­rımötürücü trosun açılmış qatı bərpa edilib, torpaqlama konturlarının müqaviməti  ölçülüb. Eyni zamanda, 330 kV-lik “Xaçmaz” hava xəttində bir neçə dayaqarası naqil və ilgək (şleyf) təmir edilib, xeyli sayda izolyator dəyişdirilib və 7 dayaqda ildırımötürücü trosların armaturları yoxlanılıb. Hesabat dövründə 220 kV-lik “Yaşma”, 110 kV-lik I “Xırdalan”, “Masazır”, II “Maş­tağa” və digər hava xətlərində də analoji təmir işləri həyata keçirilib.

Yeri gəlmişkən, bütün bunlarla yanaşı, 220  kV-lik “Sənaye  Qov­şa­ğı”,   “Qəbələ”,  “Ağ­su”, 110  kV-lik  I  “Sumqayıt”,  II  “Sumqayıt”, III “Sumqayıt”,  IV  “Sumqayıt”,  V “Sumqayıt” və s. hava xətlərində də zəruri tədbirlər görülüb. Bu sıraya ayrı-ayrı dayaqlara yuxarıdan  baxış  ke­çirməklə  armaturların yoxlanılması, anker  dayaqlarda  ilgəklərin təftiş olunması, xətt armaturları  və  ildırımötürücü  tro­sun  ar­maturlarının yoxlanıl­ma­sı, izol­yatorların dəyişdirilməsi, zədəli naqillərin təmiri və s. daxildir.

Sonda onu da qeyd edək ki, digər müəssisələrdə oduğu kimi,  bu müəssisənin xidməti ərazisindədə yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılıb. Bu məqsədlə yarımstansiyaların ərazisi quru otlardan təmizlənib, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təz­yiqlərin və transformatorlarda tem­peraturun norma həddində saxlanması təmin edilib. EVX-lərin trassasının ağac və digər yaşıl kütlələrdən, dayaqların ətrafının quru otlardan təmizlənməsi işləri aparılıb. İstismar müddətinə uyğun olaraq, yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəzlənib.