ŞİRVAN EŞ: GÖRÜLMÜŞ İŞLƏR ÖZ NƏTİCƏSİNİ VERİR

Image

“İstehlakçıların elektrik enerjisi təchizatında yaranacaq hər hansı bir problemin qarşısının vaxtında alınması məqsədilə  xidmət etdiyimiz transformator məntəqələrində və elektrik verilişi xətlərində təmir işləri həyata keçirilir. Bütün elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Şirvan” elektril şəbəkəsində (EŞ) də mövcud iqlim şəraitində elektrik enerjisi təchizatı ilə bağlı  çatışmazlıqlar qeydə alınmamışdır.”

Bu barədə sözügedən müəsisədən “Azərenerji” ASAC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir. Burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı bir istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada akt tərtib edilmişdir. Akt üzrə hesabat aparılaraq 37,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 75 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2012-ci ilin 9 ayı ərzində isə sözügedən müəssisə üzrə 20  qayda pozuntusu aşkar edilərək 128,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı, ötən illərdən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmiş və hazırda müəssisə üzrə aktlara görə qalıq debitor borcların qalan hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Mənbəyə istinadən qeyd edək ki, müəssisənin xidməti ərazisində yenidənqurma işləri ilə əlaqədar sözügedən dövrdə smartkart tipli sayğacların quraşdırılması məqsədilə sayğacların girişinə 330 metrdən artıq koaksal kabel çəkilmiş, 0,4 KV-lik xətlərin 1 kilometrə yaxını isə SİP tipli kabellə əvəzlənmişdir.  Eyni zamanda 900 metrə yaxın 10 və 6 KV-lik yeni hava xətti çəkilmişdir. Bütün bunlarla yanaşı 6 və 0,4 kV-lik kabel xətlərin ümumilikdə 2,5 kilometrində əsaslı təmir işləri həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərin 15-də müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.