HAVALARIN SOYUQ NƏFƏSİ DUYULDUQCA...
Digər enerji obyektlərində olduğu kimi “Abşeron Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən REŞ-in balans mənsubiyyətinə aid olan yarımstansiyalarda təmir işləri təsdiq edilmiş qrafik üzrə keyfiyyətlə yerinə yetirilmişdir. Hazırda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir. Məlumatda bildirilir ki, cari ilin son üç ayında da şəbəkəinin xidməti ərazilərində bir sıra enerji obyektlərində sistem əhəmiyyətli yenidənqurma və təmir bərpa işləri həyata keçirilmişdir.
Belə ki, şəhərin mərkəzi hissəsinin enerjitəchizatını həyata keçirən 220 kV-lik “Müşviq” yarımstansiyasında 220 kV-lik açıq paylayıcı quruluşun (APQ) 2-ci bölməsində gərginlik transformatoru (GT), 5-ci “Cənub” hava xəttinin yuvasında GT, çəpərləyici, boşaldıcı, xətt ayrıcısı (XT) və 1-ci, 2-ci şin ayrıcıları yenisi ilə əvəz edilmişdir. Eyni zamanda 220 kV-lik “Səngəçal” yarımstansiyasında 110 kV-lik APQ-də layihə əsasında genişləndirmə işləri aparılmış və hazırda iki ədəd 110 kV-lik yuvanın quraşdırılması işləri davam etdirilir.
Qeyd edək ki, 220 kV-lik “Xırdalan” yarımstansiyası da bu qəbildən olan enerji təsərrüfatlarındandır. Belə ki, yarımstansiyanın dayanıqlılığının daha da möhkəmləndirilməsi ilə əlaqədar olaraq burada da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə 110 kV-lik “Puta” yarımstansiyasında 2 saylı, “Qala” yarımstansiyasında isə ehtiyatda olan 40 MVA-lıq transformatorlar əsaslı təmir edilmişdir.
Yeri gəlmişkən, 220 kilovoltluq “Nizami”, 110 kilovoltluq “Əhmədli”, “8-ci km” və digər yarımstansiyalar da bu qəbildən olan obyektlərdir. Adları qeyd edilən enerji obyektlərində müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilib. Məsələn, burada da yağ açarının eleqaz açarla əvəzlənməsi, gərginlik və cərəyan transformatorlarının dəyişdirilməsi və digər müxtəlif təyinatlı təmir işləri uğurla yerinə yetirilmişdir.
Mənbə onu da bildirdi ki, sözügedən dövrdə REŞ-in xidməti ərazisində olan elektrik verilişi xətlərində (EVX) də əsaslı və cari təmir işləri vaxtında yerinə yetirilmişdir. Belə ki, neft kəmərləri ilə əlaqədar olaraq 110 kV-lik 1-ci, 2-ci “Müşvüq” HX-nin 9 saylı, 1-ci, 2-ci “Səngəçal” HX-nin isə 11 saylı dayaqlarının yeri dəyişdirilmişdir. Hazırda 110 kV-lik 3-cü və 4-cü “Qala” hava xəttinin (HX) “Binə” qəsəbəsi ərazində kabel xəttinə keçirilməsi ilə əlaqədar tikinti işləri, 1-ci “Zığ” HX-nin isə yenidənqurulması işləri davam etdirilir.