GÖRÜLMÜŞ TƏDBİRLƏR NƏTİCƏ VERİR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, eyni zamanda sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Göygöl” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 29 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 242,1 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 14,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 26 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə müəsisənin xidməti ərazisində sözügedən qayda pozuntusuna görə 274 akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 861,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 111,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 85 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

Yeri gəlmişkən,  cari ilin sentyabr ayında aşkar edilmiş qayda pozuntularına görə bir istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.

Mənbə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan elektrik verilişi xətlərində (EVX), transformator və komplekt transformator məntəqələrində (TM və KTM) həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 10, 6 və 0,4 kV-lik EVX-lərdə həyata keçirilən təmir işləri zamanı xətlərin ümumilikdə 5,2 kilometrə yaxın hissəsi təmir olunmuş, 17 dayaq quraşdırılmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, TM və KTM-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumi gücü 20,1 MVA-ya yaxın olan 60-a yaxın transformator da təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Sonda onu da qeyd edək ki, EŞ-in xidməti ərazisində vaxtında həyata keçirilmiş hazırlıq işləri hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb.