MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR ÖZ BƏHRƏSİNİ VERİR
Lənkəran rayonunun elektrik təsərrüfatında son dövrlər ərzində xeyli iş görülüb. Bu barədə “Lənkəran Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir. Elektrik təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı təchizatını təmin etmək məqsədilə həyata keçirilən işlər öz bəhrəsini verməkdədir.
Qeyd edək ki, bu məqsədlə yarımstansiyalarda müxtəlif təyinatlı təmir işləri aparılıb. Məsələn, 110 kV-lik «Separadi» yarımstansiyasında 5,6 MVA gücündə transformatorda təmir işləri həyata keçirilib. 35 kV-lik yarımstansiyada isə 2500 KVA gücündə transformator əsaslı təmir olunub. Ümumilikdə, il ərzində şəbəkə üzrə 32 transformator əsaslı, 56 transformator isə cari təmir edilib. Hazırda yarımstansiyalarda yenidənqurma işləri davam etdirilir.
Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik verilişi xətlərində də təmir işləri həyata keçirilib. 110 kV-lik II «Lənkəran» hava xəttində 2 aralıq ağac dayaq, 1 ağac traves, izolyatorlar yeniləri ilə əvəz olunub, xeyli naqil dəyişdirilib. Analoji işlər 110 kV-lik I «Lənkəran» hava xəttində də yerinə yetirilib. Burada 4 anker dayaqda təmir işləri aparılıb, 80-ə qədər izolyator dəyişdirilib. 35 kV-lik «Xanbulan» hava xəttində isə 1 ədəd ağac dayaq metal dayaqla əvəz olunub, izolyator və naqil dəyişdirilib, 2 dayaqda traves təmir olunub. 35 kV-lik «Girkan» hava xəttində 1 ədəd anker dayaqda əsaslı təmir işləri həyata keçirilib, 4 ədəd dayaq cari təmir edilib, müxtəlif uzunluqda naqil və xeyli izolyator dəyişdirilib. 35 kV-lik «Lənkəran-Liman» hava xəttində 2 ədəd metal konstruksiyalı dayaq təmir olunub. Analoji işlər 35 kV-lik «Lənkəran-Hamarat» xəttində də yerinə yetirilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri 10 və 0,4 kV-lik şəbəkələri də əhatə edib. Məsələn, 10 kV-lik «Osakücə» xəttinin dağ budaqlanmasında 11 ədəd ağac dayaq metal dayaqla əvəz olunub, xeyli naqil dəyişdirilib. Bu xətdən qidalanan 2 ədəd TM təmir olunub. 0,4 kV-lik xətlərdə isə 150-ə qədər dayaq, 800 metrə qədər naqil, 200-ə yaxın izolyator dəyişdirilib. Bundan başqa, 0,4 kV-lik xətlərdə 50-yə yaxın dayaq təmir olunaraq istismara yararlı vəziyyətə gətirilib. Həmçinin Velədi və Sutəmurdu kəndlərinə SİP-kabel çəkilib, həmin ərazidə ağac dayaqlar dəmir-beton dayaqlarla əvəz olunub. Sonrakı prosesdə bu yaşayış məntəqələrində smart-kart tipli sayğaclar quraşdırılacaq.
Onda onu da qeyd edək ki, “Lənkəran Elektrik Şəbəkəsi”ndə əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də daim diqqət mərkəzindədir. Şəbəkə zəruri mühafizə vasitələri, xüsusi geyim, ayaqqabı, mühafizə dəbilqəsi və plakatlarla da təmin olunub. Burada həmçinin, işçilərin peşəkarlığına da xüsusi diqqət yetirilir.