MÖVSÜMLƏ ƏLAQƏDAR TƏDBİRLƏR HƏYATA KEÇİRİLMİŞDİR

Image

Effektivliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, postsovet məkanında ilk dəfə olaraq generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərdən ibarət olan generatorların tətbiqinə başlanmışdır. Belə generasiya güclərindən biri də 12 aqreqatdan ibarət, ümumi gücü  105 MVt olan “Bakı” elektrik stansiyasının aqreqatlarında planlı təmir-sazlama işləri texniki xidmət qrafikinə uyğun aparılır. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin sentyabr ayında 44,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə burada 421,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da bildirilir ki, cari ilin son üç ayı ərzində stansiyada təmir işləri aparılmış, təmir qrafikinə uyğun olaraq texniki xidmət işlər görülmüşdür. Yeri gəlmişkən, aparılan təmir işləri stansiyanın işçi heyəti tərəfindən həyata keçirilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, stansiyanın elektrik avadanlıqlarına baxışlar keçirilmiş, aqreqatlarda qrafik üzrə texniki xidmət işləri aparılmış və 110 kV-lik yarımstansiyanın avadanlıqlarında cari təmir işləri görülmüşdür. Payız-qış mövsümü ilə əlaqədar bir sıra qabaqlayıcı tədbirlər də həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri güc transformatorunda, eleqaz açarlarda, ayrıcılarda, izolyatorlarda, generatorun avadanlıqlarından da aparılmışdır.

Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Stansiyanın və maşın zalının ərazisi yağ məhsullarından, quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.