TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

“İstehlakçıların elektrik enerjisinə olan tələbatının tam və keyfiyyətli şəkildə ödənilməsi və elektrik verilişi xətlərində texnoloji itkilərin aradan qaldırılması məqsədilə, müəssisənin balas mənsubiyyətində olan bütün elektrik stansiyalarında, yarımstansiyalarda və elektrik ötürücü xətlərdə əsaslı və cari təmir işləri icra edilməkdədir.”

“Gədəbəy” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir. Cari ilin son üç ayı ərzində payız-qış mövsümünə hazırlıq çərçivəsində görülmuş təmir işləri barəsində verilən məlumata görə, 10 və 6 kV-lik xətlərin 10 kilometrdən artıq hissəsi təmir olunmuşdur. Paralel olaraq 0,4 kV-lik xətlərdə də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən xətlərin 4,5 km artıq hissəsi təmir edilmişdir.

Qeyd edək ki, sözügedən dövrdə 27 TM təmir olunmuş və ümumi gücü 5,7 MVA-dan artıq olan 30 transformator da təmir edilərək şəbəkəyə qoşulmuşdur.

“Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Ümimiyyətlə, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı daha sərt tədbirlər görülür. Hətta cari ilin 8 ayı ərzində 4 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir”, – deyən mənbə onu da vurğuladı ki, cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 21 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 85,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 5,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 55 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, burada cari ilin 8 ayı ərzində isə 85 qayda pozuntusu faktı aşkar olunmuş, 809,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 48,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 83 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.