ƏSASLI VƏ CARİ TƏMİR İŞLƏRİ YERİNƏ YETİRİLİR

Image

Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Qax Elektrik Şəbəkəsi”ndə də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda o da qeyd edilir ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı 10 kV-lik xətlərin 13,8 km-ə, 0,4 kV-lik xətlərin isə 5,7 km-i təmir edilmişdir.

Yeri gəlmişkən, təmir kampaniyası müəssisənin xidməti ərazisində olan TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 15 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, 2012-ci ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 12 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 77,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 4,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, burada cari ilin 8 ayı ərzində 118 qayda pozuntusu faktı aşkar olunmuş, 550,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 33 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğin 40 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.