“AĞDAM EŞ”: TƏMİR İŞLƏRİ APARILIR
Şəbəkənin istismar vəziyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Vaxtında aparılan cari və əsaslı təmir işləri nəticəsində qəza açılmaları minimum həddə düşüb, istehlakçılar daha da dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar. Həyata keçirilən məqsədyönlü tədbirlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir.
“Ağdam Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, cari ilin son üç ayında müəssisənin xidməti ərazisində 10 kV-lik xətlərin ümumilikdə 4 km-ə yaxın hissəsi təmir edilmiş, xeyli sayda dayaq düzləndirilmiş, naqillərin qabariti bərpa olunmuş və trassası yaşıl kütlədən təmişlənmişdir. Eyni zamanda Mirəşelli, Soltanbud, Qarabağlı və digər kəndlərin 0,4 kV-lik xətlərində həyata keçirilən təmir işləri zamanı 6 km-ə yaxın xətt təmir olunmuş, xeyli sayda izolyator, dayaq dəyişdirilmiş və 25 ədəd traves quraşdırılmışdır.
Qeyd edək ki, təmir kampaniyası çərçivəsində 20 TM-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Görülmüş işlər öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 50-dən artıq (bunun 24-ü məişət abonenti (əhali) istehlakçılarına aiddir) istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 547,8 min kilovatsaata yaxın (bunun 67,1 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılarına aiddir) itirilmiş elektrik enerjisinin 32,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 8 ayı ərzində isə burada 750-dən çox (bunun 481-i məişət abonenti (əhali) istehlakçılarına aiddir) qayda pozuntusu faktı aşkar olunmuş, tərtib edilmiş aktlar müvafiq qaydada araşdırılaraq hesabat aparılmış və nəticədə 6 milyon 367,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 382 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 70 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, qayda pozuntularının təsnifatına görə, müdaxilə olunmuş sayğaclardan keçən enerjinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar istifadə halları üstünlük təşkil edir.