AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB

Image

Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb, irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən olan generasiya gücləri arasında məxsusi yeri olan Səngəçal Elektrik Stansiyası  dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin sentyabr ayında 112,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

“Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir” –deyən mənbə onu da bildirdi ki, cari ilin 9 ayı ərzində isə burada 838,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, stansiyada bütün işləri günün tələbləri səviyyəsində qurulub. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq, hər maşının 500 saatlıq iş müddəti başa çatdıqdan sonra onlara texniki baxış keçirilir. Bu zaman istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılır və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılır.

“Digər enerji müəssisələrində olduğu kimi burada da mövsümü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir” – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin son üç ayı ərzində burada fəaliyyətdə olan aqreqatlardan birində əsaslı təmir işləri başa çatdırılmışdır. İki aqreqatda isə əsaslı təmir işləri davam etdirilir.  Təmir işləri isə müəssisədə təşkil olunmuş təmir briqadası tərəfindən həyata keçirilir. Yaranmış nasazlıqlar yerli mütəxəssislər tərəfindən operativ şəkildə aradan qaldırılır.

Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövrdə köməkçi avadanlıqlarda da cari təmir işləri aparılmışdır.