İTKİLƏRİN AZALDILMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

Enerjisistemdə dayanıqlığın yüksəldilməsi,  enerji təchizatının daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır. Bu baxımdan, Göyçay rayonunda da mühüm işlər görülür. Rayon ərazisində elektrik verilişi xətləri,  transformator məntəqələri inventarlaşdırılıb, abonentlərin uçotu dəqiqləşdirilib, yarımstansiyalar, transformatorlar kodlaşdırılıb.  Aparılan islahatlar nəticəsində şəbəkə üzrə istehlak olunmuş enerjinin dəyərinin ödənişində ciddi irəliləyiş  əldə edilib.

“Göyçay” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, cari ilin 8 ayı ərzində yeni fərdi mənzillərə 174 ədəd yeni sayğac qoyulub, 359 abonentin isə qüsurlu sayğacı dəyişdirilib. Bu müddət ərzində 18,5 km məsafədə məftillərin tarazlığı bərpa edilib. Şəbəkənin balansında olan 16 ədəd transformator əsaslı, 69-u isə cari təmirdən çıxarılıb.

Qeyd edək ki, elektrik verilişi xətlərinə də diqqət ayrılıb. 10 və 0,4 kV-lik EVX üzrə

cari və əsaslı təmir işləri aparılıb. Bundan başqa, 10 kV-lik EVX-də 19 ədəd, 0,4 kV-lik EVX-də isə 53 ədəd yeni dəmir-beton dayaq istismara verilib. 38 ədəd dayaq isə yenidən bərpa edilib.

Yeri gəlmişkən, Bığır, Potu, Ərəb, Səadət və Mali Şıxlı kəndlərinin 0,4 kV-lik hava xətlərin ətrafı yaşıl kütlədən təmizlənib və bu proses Qaraməryəm, Ləkçıplaq kəndlərində və şəhər hava xətlərində də davam etdirilir. Ümumiyyətlə, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Sonda onu da qeyd edək ki, hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.