YAŞILLIĞA BÜRÜNMÜŞ ENERGETİKA MÜƏSSİSƏSİ

Image

Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamına uyğun olaraq ölkədə inşa edilmiş “Astara Elektrik Stansiyası” istismara verildikdən sonra cənub bölgəsinin elektrik enerjisi ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yeni generasiya gücünün fəaliyyəti nəticəsində bölgənin rayonlarını qidalandıran xətlərdə itkilərin həcmi xeyli aşağı düşüb və elektrik enerjisinin keyfiyyət göstəriciləri daha da yaxşılaşıb. Stansiyada əməkçilər üçün ideal iş şəraiti yaradılıb.

Geniş abadlıq işləri aparılmış bu energetika müəssisəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada aylar və illər üzrə elekrtik enerjisinin istehsalı və digər texniki-iqtisadi tapşırıqlar müntəzəm olaraq yerinə yetirilib. Bu il də nəticələr ürəkaçandır. Belə ki, 2012-ci ilin 8 ayı ərzində stansiyada 202,5 milyon kVt-saat, o cümlədən avqust ayında 23,2 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, stansiyanın bütün aqreqatlarının və köməkçi avadanlıqların texniki təmir qrafikinə ciddi əməl edilib. Məhz bunun nəticəsidir ki, istismar zamanı heç bir ciddi nasazlıq meydana çıxmayıb.