REYDLƏR KEÇİRİLİR

Image

Mütəmadi keçirilən reydlər zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılar tərəfimizdən aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Sumqayıt” EŞ-dən daxil olan məlumata görə,  cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 340 istehlakçının (bunun 300-ə yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 273,4 min  kilovatsaatdan artıq (bunun 464,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 76,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 10 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin ötən 8 ayı ərzində isə burada 2130-dan artıq (bunun 1945-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək 5 milyon 936,9 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdi. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin (356,2 min manatın) 66 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

“İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə digər müəssisələrdə olduğu kimi burada da mühüm addımlar atılır. Nəticədə istehlakçılara verilən elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmağa, elektrik verilişi xətlərində texniki itkiləri azaltmağa imkan yaranır”, – deyən mənbə onu da bildirdi ki, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan fərdi yaşayış evlərində sayğac ucot komplektinə nəzarəti gücləndirmək məqsədilə həyata keçirilən yenidənqurma işləri zamanı 20,2 kilometrdən artıq SİP kabel xətti çəkilmiş, 1770-ə yaxın elektrik sayğacı quraşdırılmış və dəyişdirilmişdir. Eyni zamanda 10, 6 və 0,4 kV-lik xətlərin müəyyən hissəsində təmir işləri aparılmış, xeyli sayda dayaq yenisi ilə əvəzlənmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, istehlakçıların elektrik enerjisi ilə təminatının keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə bir ədəd 1000 KVA gücündə yeni transformator quraşdırılmış, bir transformator isə daha güclüsü ilə (630 KVA ilə) əvəz edilmişdir. Bütün bunlarla yanaşı TM və KTM-lərdə müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.