ADA UNIVERSITETININ TƏHSIL PROQRAMLARI HAQQINDA TƏQDIMAT KEÇIRILIB
Oktyabrın 28-də “Azərenerji” ASC-də ADA Universitetinin 2016-2017-ci illər üzrə magistratura pilləsinin tədris proqramlarına və ümumilikdə bu nüfuzlu ali təhsil müəssisəsinin fəaliyyətinə həsr olunmuş təqdimat keçirilb.
ADA Universiteti ilə “Azərenerji” ASC arasında imzalanmış yüksək səviyyəli və müasir tələblərə cavab verən kadrların - insan resurslarının yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa dair memorandum çərçivəsində keçirilən təqdimatda iştirakçılara universitetin tədris proqramları haqqında geniş və ətraflı məlumat verilib.
Universitetin əməkdaşı Günel Ziyadova çıxışında qeyd edib ki, ADA-da Biznes, İctimai və Beynəlxalq Münasibətlər, İnformasiya Texnologiyaları və Mühəndislik, Təhsil institututları fəaliyyət göstərir. Universitetin bakalavr proqramları I qrup üzrə “kompüter elmləri” və “kompüter mühəndisliyi”, II qrup üzrə “beynəlxalq münasibətlər”, “biznesin idarə edilməsi”, “iqtisadiyyat”, III qrup üzrə “dövlət və ictimai münasibətlər” ixtisaslarına tələbə qəbulu aparır. Magistratura pilləsində təhsil isə 5 istiqamətdə təşkil olunur: “diplomatiya və beynəlxalq münasibətlər”, “ictimai siyasət”, “beynəlxalq MBA”, “executive MBA” və “təhsil üzrə menecment”. Təqdimatda həmçinin professor-müəllim heyəti, tələbələrin xaricdə təhsil almaq imkanları, sosial məsuliyyət rədbirlərində iştirakı və universitet həyatı ilə bağlı digər məsələlər barədə maraqlı və ətraflı söhbət açılıb.
Qeyd edilib ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində “Azərenerji” ASC universitetində informasiya texnologiyaları və mühəndislik sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq standartlara cavab verən qabaqcıl ali təhsil prosesinin təşkilinə dəstək verir, universitet isə, öz növbəsində, energetika sahəsində əlverişli biznes şəraitinə malik olan bir neçə xarici ölkədə investisiya imkanlarının araşdırılması üzrə tədqiqat layihələri həyata keçirir.
Təqdimatda “Azərenerji” ASC-nin gənc əməkdaşları, həmçinin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun nümayəndələri iştirak ediblər.
“Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinin rəis müavini Sadir Tağıyev maraqlı təqdimat üçün Səhmdar Cəmiyyətin rəhbərliyi adından universitet əməkdaşlarına təşəkkür edib.