“YARDIMLI EŞ”: PAYLAYICI ŞƏBƏKƏ TƏMİR EDİLİR
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Yardımlı EŞ”də də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik veriliş xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində EVX-lərdə həyata keçirilən müxtəlif təyinatlı təmir işləri zamanı 10 və 0,4-kV-lik xətlərin 4 kilometrə yaxın hissəsi təmir olunmuşdur.
Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə 4 TM-də əsaslı təmir işləri həyata keçirilmiş və bir ədəd 630 KVA transformator təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.
“Şəbəkənin xidmət göstərdiyi ərazilərdə son vaxtlar texniki istismar səviyyəsinin yüksəldilməsi məqsədilə rayon əhalisi arasında aparılan məqsədyönlü tədbirlərin aparılması, eləcə də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına qarşı qətiyyətli addımların atılması öz müsbət nəticəsini verməkdədir”, – deyən mənbə onu da vurğuladı ki, burada cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 3 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 6,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 390 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, cari ilin 8 ayı ərzində isə müəssisə üzrə 30 qayda pozuntusu aşkar edilərək 131,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin də müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.