ENERJİ TƏCHİZATI QAYDASINDADIR

Image

“Qobustan Elektrik Şəbəkəsi”ndə həyata keçirilən məqsəd­yönlü tədbirlər rayonun elektrik enerjisinə olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan verir. Bu barədə  şəbəkədən aldığımız məlumata görə, rayon əhalisinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində heç bir problem yoxdur.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Qobustanda elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri, transformator məntəqələri (TM) və yarımstansiyalarda təmir işləri yerinə yetirilib. Məsələn, avqust ayında 35/10 kV-lik «Təklə» yarımstansiyasından çıxan 10 kV-lik «Təklə», «Mirzəbaba» və «Ərəbşalbaş» hava xətlərində təmir işləri həyata keçirilib: 20 ədəd dayaq yenisi ilə əvəz olunub, 60 ədəd izolyator dəyişdirilib, 25 ədəd dayaq düzəldilib, boş məftillər çəkilib. Həmçinin keçən ay ərzində 35/10 kV-lik «Qobustan» ya­rımstansiya­sın­dan çıxan 10 kV-lik «Nabur» hava xəttində 20 ədəd dəmir-beton dayaq, 60 ədəd izolyator dəyişdirilib. Xəttin  2,5 km məsafəsi təmir edilib.

İyun-iyul aylarında isə 35/10 kV-lik «Qobustan», «Nərima­nov», «Təklə» və «Xilmilli» ya­rımstansiyalarında avadanlıqlar cari təmir edilərək sınaq işləri aparılıb. Yarımstansiyaların əraziləri yanar materiallardan, alaq otlarından təmizlənib. Yüksək­gərginlikli xətlərin dayaqlarının dibi bərkidilib.

Qeyd edək ki, son aylarda şəbəkənin balansında olan 86 ədəd TM-dən 46-da təmir işləri həyata keçirilib. Həmin müddət ərzində həmçinin 10 kV-lik «Cəm­cəmli», «Cəyirli», I-II-III «Şəhər», «Ərəb­qədim», «Şıxzərli» xətlərinin 8,5 km məsafəsində plan-qrafik üzrə cari təmir işləri görülüb. Təmir işləri həmçinin 0,4 kV-lik “Xil­milli”, “Ərəb­şalbaş”, “Cəm­cəmli”, «Ərəb­qədim» xətlərində də həyata keçirilib, qəzalı dayaqlar yenisi ilə əvəz olunub, boşalmış məftillər dartılıb. Həmçinin 0,4 kV-lik “Qo­bustan” hava xəttində 1,3 km məsafədə SİP-kabel çəkilib.

Şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviy­yələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.