REYDLƏR NƏTİCƏ VERİR
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı müxtəlif növ pozuntu hallarına rast gəlinir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “İmişli Elektrik Şəbəkəsi”ndən (EŞ) daxil olan məlumata görə, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 28 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 53,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğdən əlavə, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə burada 714 qayda pozuntusu aktı tərtib olunmuşdur. Nəticədə 2 milyon 413 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 144,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“İstehlakçıların elektrik enerjisi təchizatının dayanıqlığının daha da yüksəldilməsi, fasiləsizliyin təmin edilməsi, sayğac-uçot sisteminin təkmilləşdirilməsi, habelə texniki istismarın yaxşılaşdırılması istiqamətində görülən işlər nəticədə əsas məqsədə - istehlak olunan enerjinin dəyərinin tam şəkildə ödənilməsinə şərait yaradır”, – deyən mənbə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan EVX və TM-lərdə həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə 10 kV-lik xətlərin ümumilikdə 4,3 kilometrə yaxın hissəsində təmir işləri aparılmışdır. Buraya “Nasos”, “Nizami”, “Rəsullu” və digər xətləri göstərmək olar. Eyni zamanda rayon ərazisində və rayonun Qaradonlu, Cavadxanlı, Cəfərli və digər kəndlərinin 0,4 kV-lik xətlərində də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən ümumilikdə 10 kilometrə yaxın xətt təmir edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, son üç ay ərzində balans mənsubiyyətinə aid olan 50-dən artıq transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.