TƏDBİRLƏR DAVAM EDİR
İstismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə bütün enerji müəssisələrinin xidməti ərazilərində yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.
“Masallı EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə həyata keçirilən yenidənqurma işləri zamanı 2,1 kilometrə yaxın 10 kV-lik EVX yenidən qurulmuş, 1,1 km-dən artıq 0,4 kV-lik xətt SİP kabellə əvəzlənmiş, smartkart tipli sayğacların quraşdırılması üçün isə sayğacların girişinə 100 metrdən artıq koaksial kabel çəkilmişdir. Eyni zamanda ümumilikdə 5,9 km-dən artıq 10 və 0,4 kV-lik EVX-də əsaslı təmir işləri aparılmışdır.
Qeyd edək ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid 13 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 1000 KVA-dan artıq 5 transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
“Əməkdaşlarımız tərəfindən müəssisənin xidməti ərazisində elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür”, – deyən mənbə onu da bildirdi ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 6 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 12 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 700 manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğdən əlavə ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, sözügedən müəssisənin xidməti ərazisində cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı aşkar edilmiş 314 qayda pozuntusuna görə 2 milyon 60,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 123,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 46 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.