“ŞAMAXI EŞ”: TEXNİKİ TƏDBİRLƏR GÖRÜLÜR
Şəbəkələrdə aparılan yenidənqurma işlərinə, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz yerlərdə quraşdırılmasına, sayğac uçot komplektinə nəzarətin gücləndirilməsinə, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələrinə, abonentlərlə aparılan təbliğata baxmayaraq sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var.
“Şamaxı EŞ”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 35 istehlakçının (bunun 30-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 126,5 min kilovatsaatdan artıq (bunun 14,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 7,6 min manatlıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı isə 170-dən artıq istehlakçının (bunun 157-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozması faktı aşkar edilərək 388,2 min kilovatsaata yaxın (bunun 96,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 23,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 42 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“Görülən bütün mühəndis-texniki tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir”, – deyən mənbə cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan şəbəkələrdə həyata keçirilmiş təmir işləri barəsində də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, 10 və 0,4 kV-lik xətlərdə aparılmış müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 4,4 kilometrə yaxın xətt, 20-yə yaxın dayaq və iki ədəd anker dayaq yenisi ilə əvəzlənmişdir. Buraya 10 kV-lik “Çörək zavodu”, “Peşə məktəbi”, “2 saylı Şəhər” və 0,4 kV-lik xətlərdə görülmüş işlər daxildir.
Onu da qeyd edək ki, həmin bu dövr ərzində bir ədəd transformator daha güclüsü ilə əvəz edilmiş, 27 ədəd müxtəlif gücdə olan transformator təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Sonda onu da qeyd edək ki, sözügedən dövrdə 115-dən çox sayğac dəyişdirilmiş və 140-dan artıq yeni istehlakçıya sayğac quraşdırılmışdır.