ENERJİ TƏCHİZATI DAHA DA YAXŞILAŞDIRILIR
Ölkə iqtisadiyyatı inkişaf etdikcə, bölgələrdə yeni istehsal sahələri, yeni iş yerləri açılır. Bunun da nəticəsində vaxtilə iş ardınca başqa yerlərə gedən vətəndaşlar geri - öz evlərinə qayıdırlar. Nəticədə yeni evlər tikilir, yeni ailələr qurulur və eyni zamanda, istehlakçıların sayı da artır.
Dağlar qoynunda yerləşən İsmayıllı rayonu da respublikamızın sürətlə inkişaf edən bölgələrindəndir. Burada yeni istehlakçıların meydana çıxması nəticəsində abonentlərin sayı getdikcə artır, rayonun elektrik enerjisi təsərrüfatında həyata keçirilən yenidənqurma işlərinin miqyası genişlənir. Eyni zamanda istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transfomator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilib.
“İsmayıllı Elektrik Şəbəkəsi”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil oan məlumata görə, hazırda rayon mərkəzində 0,4 kV-lik xətlər SİP-ləşdirilir. Həmçinin burada istehlakçılar smart-kart tipli sayğaclarla təchiz olunacaq. Eyni zamanda, Zərgəran və Bizlan kəndlərində də şəbəkə yenidən qurulacaq, bu yaşayış məntəqələrində də smart-kart tipli sayğaclar quraşdırılacaq.
Qeyd edək ki, bundan əvvəl rayonun Sumağallı, İstisu, Çayqovuşan və Qalacıq kəndlərində şəbəkə yenidən qurulub, 1100-dən çox istehlakçı smart-kart tipli sayğacla təchiz olunub.
“Rayonun enerji təchizatının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Əsas məqsəd soyuq qış aylarında istehlakçıları daha keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir”, – deyən mənbə onu da bildirdi ki, şəbəkədə əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. İşçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir. Bunun üçün mütəmadi olaraq qəza məşqləri, müxtəlif treninqlər keçirilir. Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də arzuolunan səviyyədədir. İşçilər texniki təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar.