ŞƏKİ ES: HAZIRLIQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Image

Son illər enerjisistemdə həyata keçirilən nəhəng layihələr ölkənin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi böyük qayğının təzahürüdür. Ən müasir texnologiyaların tətbiqi ilə daxili imkanlar hesabına tikilərək istifadəyə verilmiş Şəki Elektrik Stansiyası şimal-qərb bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan bu generasiya gücü regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edir, sosial-iqtisadi inkişafa təkan verir.

Elektrik stansiyasından  “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin avqust ayında 23,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin 8 ayı ərzində isə 201 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, cari ilin 8 aylıq yekununa görə, o cümlədən avqust ayında digər texniki iqtisadi göstəricilər üzrə də qənaətbəxş nəticələr əldə edilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Məhz onun nəticəsidir ki, cari ildə də aqreqatlarda plansız boş dayanma halları qeydə alınmamışdır” – deyən mənbə onu da qeyd etdi ki, bir porşen tipli aqreqatda əsaslı təmir işləri başa çatdırılmış və digər bir aqreqatda isə analoji işlərə başlanmışdır.

Yeri gəlmişkən, Şəki Elektrik Stansiyasında aqreqatların dayanıqlı işi ilə əlaqədar istismar təlimatına uyğun texniki qulluq yerinə yetirilmiş, lazımi miqdarda sürtkü yağları və kimyəvi reagentlər ehtiyatı toplanmışdır. Eyni zamanda 110 kilovoltluq açıq paylayıcı quruluşda (APQ) avadanlıqların daha da keyfiyyətli istismarının təşkil olunması, payız-qış mövsümünə hazırlıq məqsədilə cari təmir və sınaq işləri həyata keçirilmişdir. Hal-hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir-bərpa işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmiş, o cümlədən  dekorativ və meyvə bağlarına xüsusi qulluq edilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir.  Bütün bunlarla yanaşı cari ildə də heyətin istismar və bilik səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir

Xatırladaq ki, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.