TEXNİKİ TƏDBİRLƏR DAVAM EDİR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. Görülən bütün mühəndis-texniki tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm də istehlakın dəqiqləşdirilməsində, ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.

“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Şabran  Elektrik Şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin son üç ayında müəssisənin xidməti ərazisində olan 110 kV-lik Şabran yarımstansiyasında 1 sayı 16 MVA transformatorun eynidərginlikli bütün avadanlıqları tamimilə yenilənmişdir.  Rəhimli yarımstansiyasında isə gücü 6,3 MVA olan transformator təmir olunmuşdur.

Mənbəyə istinadən qeyd edək ki, 35 kV-lik Pirəbədil yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda həmin bu yarımstansiyadan çıxan 10 kV-lik Dağbilici hava xəttində (HX) 16 dayaq yenisi ilə əvəzlənmiş və onlara yeni traverslər bərkidilmişdir.

Qeyd edək ki, Zeyvə və Kilvar kəndlərini elektrik enerjisi ilə təmin edən 6 kV-lik 6 kilometrə yaxın EVX müasir standartlara uyğun yeni şəkildə qurulmuş, 90-dan artıq yeni dayaq basdırılmışdır. Eyni zamanda 0,4 kV-lik xətlərdə 150-yə yaxın dayaq basdırılmış, 12 kilometrə yaxın SİP kabel çəkilmişdir. Bütün bunlarla yanaşı bütün istehlakçılar yeni elektron tipli sayğacla da təmin olunmuşlar.

Mənbəyə istinadən onu da qeyd etmək yerinə düşərdi ki, ümumiyyətlə sözügedən dövrdə şəbəkə üzrə 30 kilometrə yaxın xətt, 73 dayaq, xeyli sayda izolyator və 42 transformator təmir olunmuşdur. Şəbəkənin kollektivi görülən işlərlə arxayınlaşmır, nəzərdə tutulan tədbirləri ardıcıllıqla həyata keçirir.

“Bütün bu sadalanan tədbirlər onu deməyə imkan verir ki, müəssisəmizin xidməti ərazisində cari mövsümə uyğun olaraq istehlakçıların elektrik enerjisinə olan tələbatını lazımi səviyyədə ödəyəcəyik” - deyən mənbə, kommersiya itkilərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən biri olan keçirilmiş reydlər barəsində də məlumat verdi və bildirdi ki, cari ilin iyul ayında keçirilmiş reydlər zamanı 37 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Aktlar üzrə hesabat aparılaraq 73,1 min kilovatsaata yaxın (bunun 52,7 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 4,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən qisminin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin 7 ayı ərzində müəssisə üzrə 190 qayda pozuntusu faktı aşkar edilərək 534,8 min kilovatsaata yaxın (bunun 367,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 32,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 27 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.