TƏDBİRLƏR PLANI UĞURLA İCRA OLUNUR

Image

Qarşıdan gələn payız-qış mövsümündə enerji sisteminin dayanıqlı işləməsinin təmin edilməsi, yarımstansiyalarda avadanlıq­ların təhlükəsiz və dayanıqlı istismarı ən mühüm vəzifələrdəndir. Quba Elektrik Şəbəkəsinin kollektivi rayonun enerji təchizatını daha da yaxşılaşdırmaq və texnoloji itkiləri azaltmaq məqsədilə energetika təsərrüfatında icrası nəzərdə tutulan tədbirləri vaxtında yerinə yetirməyə çalışırlar.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında müəssisənin xidməti ərazisində olan 35 kV-lik Kanal yarımstansiyasında 1 saylı 4 MVA-lıq transformatorun ifrat yüklənməsi nəzərə alınaraq əlavə 3 saylı 2,5 MVA-lıq yeni transformator quraşdırılaraq istismara verilmişdir. Eyni zamanda texnoloji itkilərin azaldılması məqsədilə balans mənsubiyyətinə aid transformator və kompleks transformator məntəqələrində (TM və KTM) yükə uyğun transformatorlar yenisi ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı 23 KTM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 26 transformator isə təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Qeyd edək ki, sözügedən dövrdə təmir işləri 10, 6 və 0,4 kV-lik xətlərdə də aparılmışdır. Nəticədə həmin bu xətlərin ümumilikdə 16,5 kilometri dəyişdirilmiş, 26 kilometrə yaxını təmir olumuşdur. Eyni zamanda 50-yə yaxın dayaq yenisi ilə əvəzlənmiş və xeyli sayda izolyatorda dəyişdirilmişdir. 22 kilometrə yaxın məsafədə budama işlərinin aparılması, 17 kilometrdən artıq naqılin dartılması, 65-dən çox dayağın düzləndirilməsi də görülən işlərin sırasındadır.

Yeri gəlmişkən, görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, cari ilin iyul ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 22 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 60,7 min  kilovatsaata yaxın (bunun 47,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd edək ki, 2012-ci ilin 7 ayı ərzində aşkar edilmiş 383 qayda pozuntusuna görə 1 milyon 178,3 min kilovatsaata yaxın (bunun 911,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 70,6 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 16 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir

Onu da qeyd etmək yerinə düşərdi ki, başlanan tədbirlərin növbəti rüblərdə də davam etdirilməsi nəzərdə tutulur.

Sonda onu da qeyd edək ki, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilib. Belə ki, yarımstansiyada açıq paylayıcı quruluş (APQ) otlardan təmizlənmiş, kabel kanalları kipləndirilmiş, yağ tutumlu avadanlıqlarda sızmalar aradan qaldırılmış, hava xəttinin əkin sahələrində dayaqların dibi otlardan təmizlənmişdir.