TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Respublikamızın Kür çayı üzərindəki ikinci böyük su elektrik stansiyası olan “Şəmkir SES Silsiləsi” cari ilin arxada qalan aylarını uğurla yekunlaşdırıb.
Qərb bölgəsini elektrik enerjisi təchizatında mühüm rol oynayan stansiyada dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı proqnozu tam həcmdə yerinə yetirilib. Eyni zamanda silsiləyə daxil olan hər iki stansiyada – “Şəmkir” və “Yenikənd” SES-lərdə təmir işləri və profilaktiki yoxlamalar davam etdirilib.
Stansiyadan “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə sentyabr ayında silsilə üzrə dispetçer qrafikinə uyğun olaraq enerji istehsalı nəzərdə tutulandan çox olub, elektrik enerjisinin xüsusi sərfiyyatında qənaət əldə edilib.
Müəssisənin kollektivi cari ilin doqquz aylıq proqnozlarına da əməl edib. “Şəmkir SES”də 530 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu göstərici “Yenikənd SES”də 231 milyon kilovat-saat təşkil edib.
Onu da qeyd edək ki, hər iki stansiyada təmir-bərpa işləri «Azərenerji» ASC-nin təsdiq etdiyi 2015-ci ilin plan-qrafikləri üzrə aparılır. “Şəmkir SES”in ümumi gücü 380 MVt olan iki hidroaqreqatı hazırda normal işləyir. Digər köməkçi avadanlıqlar da saz vəziyyətdədir. “Yenikənd SES”in üç hidroaqreqatından biri əsaslı təmirdədir. Digər iki hidroaqreqat və köməkçi avadanlıqlar işləkdir.
Silsilədə bu ilin yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri normal başa çatdırılıb. Payız-qış mövsümünə hazırlıq, təmir-bərpa işləri və profilaktik yoxlamalar hər iki SES-də plan-qrafik üzrə davam etdirilir.