TƏRTƏR EŞ: YARIMSTANSİYALARIN GÜCÜ ARTIRILIB
Cəbhə bölgəsində yerləşən Tərtər Elektrik Şəbəkəsinin kollektivi də cari ildə yaxşı çalışır. Əhaliyə və xidmət təşkilatlarına dayanıqlı və fasiləsiz, keyfiyyətli enerji verilməsi istiqamətində məqsədyönlü işlər görülür.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin arxada qalan ayları ərzində 110 kV-lik “Tərtər” yarımstansiyasında, 35 kV-lik “Dəmirçilər” və “İsmayılbəyli” yarımstansiyalarında transformatorlar, yağ açarları əsaslı təmir edilib. Eyni zamanda “Dəmirçilər” yarımstansiyasında 4 MVA transformator yeni 6,3 MVA transformatorla əvəzlənib, nəticədə istehlakçıların enerji təminatı yaxşılaşıb. Bununla yanaşı, “İsmayılbəyli” yarımstansiyasında 2,5 MVA transformator 4 MVA transformatorla əvəz olunub.
Qeyd edək ki, Tərtər EŞ-in təmirçilər briqadası 10 və 6 kV-lik hava xətlərinin 28,6 kilometrində, 0,4 kV-lik hava xətlərinin 38,9 kilometrində təmir işləri aparıblar. Bir sıra dayaqlar yenisi ilə əvəz edilib. Yeddi ay ərzində yeni mənzil sahiblərinə 172 ədəd sayğac quraşdırılıb, 154 ədəd zədələnmiş sayğac dəyişdirilib. 36 ədəd 6-10/0,4 kV-lik transformator məntəqəsi əsaslı və cari təmir olunub. 16 ədəd transformator əsaslı təmir olunduqdan sonra yenidən şəbəkəyə qoşulub.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Hazırki hava şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM-lərin ərazisi quru otlardan təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.