DAŞKƏSƏNDƏ DƏ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
Məlum olduğu kimi, "Azərenerji" ASC-nin paylayıcı elektrik şəbəkələrinin balansında olan texniki vasitələrin istismar səviyyəsinin daha da yüksəldilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər planına Daşkəsən rayonunun da transformator məntəqələri və elektrik verilişi xətləri daxildir. Digər müəssisələrdə olduğu kimi burada da həyata keçirilmiş məqsədyönlü tədbir nəticəsində ifrat yüklənmələr əsasən aradan qaldırılmış, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatının səviyyəsi daha da yaxşılaşdırılmışdır. Lakin bütün məqsədyönlü tədbirlərə baxmayaraq sözügedən müəssisənin də xidməti ərazisində ödənişdən yayınan, eyni zamanda sərfiyyatını süni şəkildə azaltmaq məqsədi ilə sayğac sxeminə müdaxilə edən istehlakçılar var və onlara qarşı tədbirlər görülür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Daşkəsən Elektrik Şəbəkəsindən daxil olan məlumata görə, digər bölgələrdə olduğu kimi, burada da payız-qış mövsümünə hazırlıq tədbirləri də yüksək səviyyədə həyata keçirilməkdədir. Belə ki, cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan 10, 6 və 0,4 kV-lik EVX-lərin 2,4 kilometrdən artıq hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 20-yə yaxın dayaq quraşdırılmışdır.
Mənbəyə istinadən qeyd edək ki, tədbirlər planına uyğun olaraq həmin bu dövr ərzində gücü 630 KVA olan bir TM istismara verilmiş, iki TM-də isə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda ümumi gücü 6,3 MVA olan 21 transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Payız-qış mövsümünə hazırlıq çərçivəsində hazırlanmış tədbirlər planında nəzərdə tutulan digər işlər davam etdirilir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin iyul ayında keçirilmiş reydlər zamanı 15 qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 14,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 895 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 7 ayı ərzində 72 qayda pozuntusu faktı aşkar edilərək 228,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 13,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 62 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Cari ilin iyul ayında bir istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.