“ŞƏKİ ES”: HAZIRLIQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Image

“Şəki Elektrik Stansiyası” regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edərək, sosial-iqtisadi inkişafa təkan verir.

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada dispetçer qrafikinə uyğun olaraq cari ilin sentyabr ayında 20  milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə 205 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzindədir. Avadanlıqların keyfiyyətli istismarının təşkil edilməsi qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib və bu proses bu gün də davam etdirilir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində stansiyanın kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Məhz onun nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ildə də aqreqatlarda plansız boş dayanma halları qeydə alınmamışdır” – deyən mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində aqreqatların silindrlərində təmir-təftiş işləri aparılmış, aşkar edilmiş nasazlıqlar aradan qaldırılmışdır.

 

Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Şəki Elektrik Stansiyası” 10 aqreqatdan ibarətdir.