TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də stabil istismarına müsbət təsir göstərmişdir. Belə ki, elektrik enerji sisteminin davamlı və tarazlı inkişafına yönəldilmiş bir sıra mühüm layihələr respublikanın digər regionları kimi Şirvanda da uğurla həyata keçirilir. Belə uğurlardan biri də ümumi gücü 780 meqavat gücündə olan “Cənub Elektrik Stansiyası”dır.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında sözügedən stansiyada 94 mil4yon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, cari ilin ötən 9 ayı ərzində isə bu stansiyada 2 milyard 731,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində stansiyanın elektrik avadanlıqlarına da mütəmadi baxışlar keçirilmiş və qeydə alınmış nasazlıqlar aradan qaldırılmışdır. Eyni zamanda qrafik üzrə texniki xidmət işləri də aparılmışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.