ŞƏBƏKƏLƏRİN DAYANIQLIĞI DAHA DA MÖHKƏMLƏNDİRİLİR

Image

 

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının vaxtında alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Hazırda digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi Gəncə Elektrik Şəbəkəsinin balans mənsubiyyətinə aid elektrik şəbəkələrinin yeniləşdirilməsi, onların dayanıqlığının daha da artırılması istiqamətində yenidənqurma və təmir-tikinti işləri  həyata keçirilir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında  dayanıqlıq və keyfiyyət yüksəlmiş, şəbəkələrdə ifrat yüklənmələr aradan qaldırılır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində xidməti ərazidə olan transformator məntəqələrində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı müxtəlif gücdə olan 59 ədəd transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Eyni zamanda 10, 6 və 0,4 kV-lik xətlərin isə 1,3 kilometri də təmir olunmuşdur.

Qeyd edək ki, yenidənqurma işləri çərçivəsində sözügedən dövrdə müəssisənin xidməti ərazisində 15,3 kilometr SİP kabel xətti çəkilmiş və 600-ə yaxın sayğac quraşdırılmışdır.

Mənbə onu da bildirdi ki, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Belə ki, müəssisənin xidməti ərazisində mütəmadi reydlər keçirilir və cari ilin iyul ayında keçirilmiş reydlər zamanı 3 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 19,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin  1,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Əlavə olaraq qeyd etmək yerinə düşərdi ki, cari ilin 7 ayı ərzində müəssisə üzrə 80-dən artıq  qayda pozuntusu faktı aşkar edilmişdir. Nəticədə 741,3 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 44,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 69 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin iyul ayında iki istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.