ƏSAS VƏZIFƏ ŞƏBƏKƏNIN YENILƏŞDIRILMƏSIDIR
İlin əvvəlindən başlayaraq Siyəzən Elektrik Şəbəkəsində istehlakçıların elektrik enerjisi təchizatını yaxşılaşdırmaq üçün bir sıra işlər görülüb. Burada istismar olunan 6-10 kV-lik elektrik verilişi xətlərinin ümumi uzunluğu 540, 0,4 kV-lik xətlərin ümumi uzunluğu isə 600 kilometrə yaxındır. 10 və 6 kV-lik 26 elektrik verilişi xəttindən müxtəlif güclərdə olmaqla 111 ədəd balans, 282 ədəd qeyri-balans transformatorlar qidalanır. Şəbəkə tərəfindən xidmət göstərilən abonentlərin ümumi sayı 9 mindən çoxdur. Bunun da təxminən 8331-i daimi əhali qrupu, 800-ə yaxını isə qeyri-əhali qrupu abonentləridir.
Sözügedən müəsissədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda ümumilikdə görülən işlərin genişmiqyaslı olması diqqəti cəlb edir. İşlər əsasən 10 kilovoltluq “Dağ-Quşçu”, eyni gərginlikdə olan “Çınqıl-Zavod”, 6 kV-lik “BSU-9”, “Ağbaş”, “29-15 saylı”, “Sağlocan”, “Zarat” hava xətlərində həyata keçirilib. Belə ki, həmin xətlərdə naqillər dartılıb və 30 ədəd dayaq yenisi ilə əvəz olunub. Eyni zamanda 0,4 kV-lik elektrik verilişi xətti üzrə rayon mərkəzinin bir sıra küçələrində və həmçinin Eynibulaq, Beşdam, Ağbaş, Qara Siyəzən, Zarat, Kiçik Həmyə, Böyük Həmyə kəndlərində cari və əsaslı təmir işləri aparılıb. Bütövlükdə həmin yaşayış yerlərində olan 0,4 kV-lik EVX-də naqillər dartılıb, dayaqlar düzəldilib, istismar üçün daha münasib naqil və izolyatorların quraşdırılması təmin edilib.
Mənbəyə istinadən qeyd edək ki, Siyəzən şəhəri, Gil-Gilçay qəsəbəsi, Zarat və Yenikənd kəndləri, o cümlədən digər yaşayış məntəqələri üzrə 22 transformator məntəqəsində təmir işləri aparılıb. Kiçik Həmyə kəndində isə 1 ədəd yeni 100 KVA transformator quraşdırılaraq istehlakçıların istifadəsinə verilib.
“Başqa şəbəkələr kimi, burada da yaşanan əsas problemlərdən biri hələ də bəzi istehlakçıların elektrik enerjisindən qeyri-qanuni istifadə kimi pis bir vərdişdən kənarlaşa bilməmələridir” – deyən mənbə onu da bildirdi ki, bu cür hallarla əlaqədar ilin əvvəlindən bəri yazılan aktların sayı təxminən 200-ə çatıb. Onlardan borcu 200-1000 manat aralığında olan və tərtib olunan aktlara əhəmiyyət verməyərək borcunu ödəməkdən imtina edən 21 nəfər haqqında tədbir görülmək üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Həmin abonentlər inzibati qaydada borclarını ödədikdən sonra elektrik enerjisi təminatları bərpa edilir.
Sonda onu da qeyd edək ki, şəbəkə kollektivinin qarşısında duran ən vacib məsələlərdən biri də rayonun elektrik enerjisi təsərrüfatının yeniləşdirilməsidir. Hazırda ilk mərhələdə bu qəbildən görüləsi əsas işlərin rayon mərkəzindən başlanması nəzərdə tutulur. Əvvəlcə şəhərdə 35/6 kilovoltluq 2 ədəd yarımstansiya tikiləcək ki, bunlarla da şəhərin alt və üst hissəsində yerləşən kəndlərin elektrik enerjisi təminatlarını daha da yaxşılaşdırmaq mümkün olacaq. Həmçinin SİP kabelinin çəkilməsi də vacib məsələlərdəndir.