ŞƏBƏKƏLƏRİN YENİLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR

Image

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri  istehlakçıların dayanıqlı  və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsinə, o cümlədən  elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər davam etdirilir.

Ağsu Elektrik Şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik Gürcüvan, İlxıçı, Ləngəbiz və digər hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı yol keçidində qabaritin qaldırılması üçün 2 ədəd yüksəldici travers quraşdırılmış, 24 dayaq və 3 kilometrdən artıq xətt təmir edilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərdə aparılmış təmir işləri zamanı isə 1,5 kilometrə yaxın xətt dəyişdirilmiş, 3,4 kilometr xətdə isə təmir işləri aparılmışdır.

Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində olan transformator məntəqələrində (TM) də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Ümumilikdə, 6 TM-də təmir işləri aparılmış, 9 transformator isə təmir edilərək yenidən sxemaya qoşulmuşdur.

Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən 110 kV-lik “Broyler” yarımstansiyasında olan 5,6 MVA-lıq, “YŞK” yarımstansiyasında olan 10 və 2,5 MVA-lıq və “Ağsu” yarımstansiyasında olan 1 və 2 saylı 16 MVA-lıq transformatorlarda da təmir işləri görülmüşdür.

“İtkilərin azaldılması, o cümlədən kommersiya itkilərinin azaldılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də sayğac üçot komplektinin sərhəd xəttində, baxış üçün maneəsiz yerdə və xüsusi qutularda quraşdırılmasıdır. Bu istiqamətdə də işlər cari ilin son üç ayında davam etdirilmişdir” – deyən mənbə keçirilmiş reydlər barəsində də məlumat verdi və bildirdi ki, cari ilin iyul ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 12 istehlakçının (bunun 11-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 47,4 min  kilovatsaatdan artıq (bunun 44,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 2,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 7 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 119 istehlakçının (bunun 95-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  sayğac uçot komplektində qüsur aşkar edilərək 376,8 min kilovatsaatdan artıq (bunun 297,5 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 22,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.