HACIQABUL EŞ: REYDLƏR KEÇİRİLİR
Şəbəkələrdə aparılan yenidənqurma işlərinə, sayğac uçot komplektlərinin xüsusi qutularda və baxış üçün maneəsiz yerdə quraşdırılmasına, sayğac uçot komplektinə nəzarətin gücləndirilməsinə, onlarla aparılan təbliğata baxmayaraq, sayğac sxeminə müdaxilə edən istehlakçılar hələ də var. Onlar əməkdaşlarımız tərəfindən vaxtında aşkar edilir və onlara qarşı daha sərt tədbirlər görülür.
Hacıqabul Elektrik Şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ilin 7 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 110-dan artıq istehlakçının Elektrik Enerjisindən Istifadə Qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 743,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 104,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 21 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, cari ilin iyul ayında isə 28 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 79 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,7 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
“Qayda pozuntularının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən biri də elektrik enerjisinin kart sistemi vasitəsilə həyata keçirilməsidir. Artıq sözügedən EŞ-in xidməti ərazisində bu istiqamətdə tədbirlər davam etdirilir” – deyən mənbə cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir-bərpa işləri barəsində də məlumat verdi.
Mənbəyə istinadən onu da qeyd edək ki, sözügedən dövr ərzində yenidənqurma işləri ilə əlaqədar “smartkart” tipli sayğacların quraşdırılması məqsədilə sayğacların girişinə 140 metrə yaxın koaksial kabel çəkilmişdir. Paralel olaraq 10 kV-lik xətlərin 4,7 kilometrdən artıq hissəsində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda 0,4 kV-lik xətlərdə də təmir işləri aparılmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən dövr ərzində təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrindən (TM) də yan ötməmişdir. Belə ki, həmin bu dövrdə 6 ədəd TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda ümumi gücü 920 KVA olan 4 transformatorda təmir edilərək şəbəkəyə qoşulmuşdur.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Hazırda hava şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM-lərin ərazisi quru otlarından təmizlənmiş və yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Sonda onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.