ASTARA ES: AQREQATLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR
Respublika enerji sisteminin bütün sahələrində olduğu kimi “Astara Elektrik Stansiyası”nda da aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun vaxtında göstərilmişdir. Məhz onun nəticəsidir ki, ötən ildə olduğu kimi cari ilin ötən 7 ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Elektrik stansiyasından “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə cari ilin 7 ayı ərzində dispetçer qrafikinə uyğun olaraq Cənub bölgəsinin fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynamışdır. Belə ki, sözügedən dövr ərzində 179,4 milyon kilovatsaat elektrik enerjisi istehsal edilmişdir.
Qeyd edək ki, kollektiv cari ilin iyul ayında da yaxşı işləmiş və 23,8 milyon kilovatsaat elektrik enerjisi istehsal etmişlər.
“Digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir” – deyən mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Nəzərdə tutulmuş təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, cari ilin son üç ayı ərzində 3, 8 və 9 saylı aqreqatlar istisna olmaqla qalan aqreqatlara növbəti istismar həddinə uyğun olaraq texniki qulluq işləri yerinə yetirilmişdir.
Mənbədən onu da bildirdilər ki, yay mövsümünün bu il çox isti keçməsi ilə əlaqədar olaraq burada da yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Belə ki, müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənir. Yarımstansiyada kabel kanalları hər 50 metrdən bir odadavamlı materialla kipləşdirilmişdir. Eyni zamanda ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş və aşkar edilmiş nasazlıqlar aradan qaldırılmış və digər qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, payız-qış mövsümündə stansiyanın dayanıqlı və təhlükəsiz iş rejimini saxlamaq məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq işlər qrafik üzrə davam etdirilir.
Xatırladaq ki, ümumi gücü 87 MVt olan bu stansiya 10 aqreqatdan ibarətdir.