DAYANIQLIQ VƏ KEYFIYYƏT DIQQƏT MƏRKƏZINDƏDIR
Əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarısında da İmişli Elektrik Şəbəkəsinin xidməti ərazisində olan tələbatçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində lazımi addımlar atılıb. Cari işlərlə yanaşı, növbəti payız-qış mövsümünə hazırlıq tədbirləri də yüksək səviyyədə icra olunub.
Bu barədə şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin birinci yarısında rayon üzrə elektrik enerjisi sərfiyyatı 101,2 milyon kilovat-saat olub. Rayon mərkəzində abonentlər əvvəlcədən ödənişli smart-kart tipli sayğaclarla təmin edilib. Kənd və qəsəbələrdə enerji təchizatını yaxşılaşdırmaq istiqamətində tədbirlər davam etdirilir. Ümumilikdə kəndlərdə 2,7 kilometrə yaxın SİP kabeli, 18 kilometrdən artıq naqil çəkilib və xeyli sayda sayğac quraşdırılıb. Həmçinin müxtəlif güclərdə olan 45 ədəd transformator təmir olunaraq istismara verilib.
Qeyd edək ki, təmir işləri zamanı 57 dayaq yeniləri ilə əvəz edilib, 14 dəmir-beton dayaq basdırılıb. 35/10 kilovoltluq yarımstansiyalara xidmət edən böyük güclü transformatorlara lazım olan həcmdə yağ əlavə edilib. Ümumilikdə rayon ərazisi üzrə müxtəlif gücdə olan 58 ədəd transformator təmir edilərək istismara verilib.
Yeri gəlmişkən, rayonun Aranlı, Qaralar, Xəlfəli, Sarxanlı, Cəfərli, Qaraqaşlı, Mürsəlli, Xoşçobanlı, Murğuzallı, Qulubəyli, Ağammədli, Oruclu, Qızılkənd, Məhəmmədli, Yalavac, Rəsullu və digər kəndlərində istehlakçıların daha da keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün naqil və kabel xətlərinin yenisi ilə əvəz edilməsi, dayaqların yeni dayaqlarla dəyişdirilməsi, abonentləri elektrik enerjisi ilə qidalandıran transformatorlarda təmir işlərinin görülməsi nəzərdə tutulub.
Sonda onu da qeyd edək ki, şəbəkə üzrə elektrik enerjisinin istehlak dəyərinin ödənilməsinə, debitor borcların yığılmasına görə və elektrik enerjisindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması üçün bütün qüvvələr səfərbər edilib.