“ŞİRVAN EŞ”: TƏMİR İŞLƏRİ YERİNƏ YETİRİLİB
Digər elektrik şəbəkələrində (EŞ) olduğu kimi, “Şirvan” EŞ-də də istehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir.
Mənbədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında burada yüksək gərginlikli (10 və 6 KV-lik) elektrik verilişi xətlərinin 1,3 kilometrində təmir işləri həyata keçirilmişdir. Bundan əlavə smartkart sayğaclarının quraşdırılması ilə əlaqədar sayğacların girişinə 1,7 kilometrə yaxın kabel xətti çəkilmiş, 0,4 kV-lik xətlərin müəyyən hissəsi isə SİP kabellə əvəzlənmişdir.
Qeyd edək ki, təmir işləri müəssisənin xidməti ərazisində olan transformator məntəqələrindən də (TM) yan keçməmişdir. Belə ki, sözügedən dövrdə beş TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
“Smartkart tipli sayğacların quraşdırılması texniki itkilərin azaldılması, ödənişlərin artırılması və s. ilə yanaşı elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də həyata keçirilən tədbirlərdən biridir”, -deyən mənbə “Elektrik enerjisindən istifadə qaydaları”nın pozulmasına görə keçırılmış reydlər zamanı aşkar edilmiş nöqsanlar barəsində də məlumat verdi.
Mənbədən verilən məlumata görə, cari ilin 6 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 13 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 67,6 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ tamamilə ödənilmiş və eyni zamanda ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərinin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.