“İMİŞLİ REŞ”: YARIMSTANSİYALARIN GÜCÜ ARTIRILIR
Bütün enerji obyektlərində olduğu kimi “İmişli Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) balans mənsubiyyətinə aid bütün yarımstansiyalarda, transformator məntəqələrində o cümlədən, komplekt transformator məntəqələrində və elektrikötürücü xətlərdə iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən, qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirilir.
REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Dövlət Proqramı çərçivəsində 330 kilovoltluq “İmişli” yarımstansiyasında 240 MVA-lıq avtotransformatorun quraşdırılması işləri yekunlaşmışdır. Hazırda avtotransformatorun mühafizə idarəetmə və avtomatika gövrələri proqramlaşdırılır. Bu işlər də başa çatdıqdan sonra avtotransformator normal dövrəyə qoşulacaqdır. Bundan başqa, dayanıqlığın daha da artırılması məqsədilə burada 2 saylı transformator yenisi ilə əvəzlənmişdir.
Qeyd edək ki, 110 kV-lik “Soltanlı” yarımstansiyasında ifrat yüklənmə rejimində işləyən 10 MVA-lıq və “Sığırlı Dartı” yarımstansiysında isə 7,5 MVA-lıq transformator daha güclüsü ilə, daha doğrusu müvafiq olaraq 25 MVA-lıq və 10 MVA-lıqla əvəzlənmişdir. Eyni zamanda analoji tədbir “Sabirabad” yarımstansiyasında da həyata keçirilmişdir. Belə ki, burada 2 saylı 31,5 MVA-lıq transformator 40 MVA-lıqla əvəzlənmişdir. Paralel olaraq burada yağ açarı eleqaz açarla əvəzlənmişdir. 35 kV-lik “Seyidlər” və “Vidadi-1” yarımstansiyalarının hər birində isə 2,5 MVA-lıq transformator 4 MVA-lıqla, “Qış Yatağı” yarımstansiyasında isə 4 MVA-lıq transformator 6,3 MVA-lıqla əvəzlənmişdir. Bütün bunlardan başqa müəssisənin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Kürdəmir”, “Dəyirman”, “Yuxarı Şirvan” və digər yarımstansiyalarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Onu da qeyd edək ki, sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən, EŞ-lərin balansında olan 440-dan artıq transformator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata o da qeyd edilir ki, cari ilin ötən son üç ayında sistemtəşkiledici 330 kV-lik III “İmişli”, III “Şirvan” HX-lərində təmir işləri aparılmış, dayaqların ətrafı və xəttin trassası yaşıl kütlədən təmizlənmişdir. 110 kV-lik I, II “İmişli” HX-də həyata keçirilən təmir işləri zamanı bir neçə aralıq dayaq, xeyli sayda izolyator və 2,2 kilometr uzunluğunda AC-150 markalı naqil yenisi ilə əvəzlənmişdir.
Yeri gəlmişkən, 35 kV-lik “Xalac”, “Ağcabədi”, “Qaralar” HX-lərinin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə aralıq ağac və anker dayaqlar müvafiq olaraq yeni dəmir və anker dayaqlarla əvəzlənmişdir.
Mövcud hava şəraiti ilə əlaqədar müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi və EVX-lərin trassası quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. İstismar müddətinə uyğun olaraq yanğınsöndürmə vasitələri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir.
Sonda onu da qeyd edək ki, payız-qış mövsümündə dayanıqlığın daha da artırılması məqsədilə tədbirlər planına uyğun olaraq “Daşburun” yarımsatnsiyaında hər birinin gücü 10 MVA olan iki ifrat yüklənən transformator müvafiq olaraq hər birinin gücü 16 MVA-lıqla əvəzlənməsi planlaşdırılır.