İSTİSMAR SƏVİYYƏSİ YAXŞILAŞDIRILIR
“Ağcabədi Elektrik Şəbəkəsi”nin kollektivi növbəti payız-qış mövsümünə ciddi hazırlıq görür. Müvafiq tədbirlər planına uyğun olaraq, görülən işlərin miqyası genişdir. Ötən altı ay ərzində müxtəlif gücə malik olan 25 ədəd 10/0,4 kilovoltluq transformator əsaslı təmir edilərək istismara verilib. 0,4 və 10 kV-lik hava xətlərində xeyli sayda dəmir-beton dayağın basdırılması təmin edilib.
Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayon mərkəzinin elektroenergetika təsərrüfatının normal vəziyyətə gətirilməsinə də xüsusi diqqət yetirilir. Hazırda Ü.Hacıbəyov və Qarabağ küçələrində abadlaşdırma işləri start götürüb. Həmin tədbirlər çərçivəsində ərazidəki dayaqların bir qismi yeniləri ilə əvəz olunub. Bundan başqa, küçələrdəki naqillərdən də bir hissəsi daha keyfiyyətli və təhlükəsizlik tələblərinə cavab verən SİP kabellərlə dəyişdirilib.
Qeyd edək ki, ümumilikdə ilin birinci yarısı ərzində şəbəkə üzrə 143 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak olunub.Həmin dövr ərzində istehlakçılara ötürülmüş enerjinin dəyərinin toplanılması istiqamətində də ciddi tədbirlər görülüb.