ENERGETİKLƏR PEŞƏ BAYRAMINI QEYD EDİRLƏR

Image

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə hər il oktyabrın 20-sində  Azərbaycan elektrik enerjisi sisteminin çoxsaylı kollektivi peşə bayramını qeyd edir. Hər il olduğu kimi bu il də energetiklər peşə bayramını böyük ruh yüksəkliyi ilə qarşılayırlar.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, bayram tədbiri Fəxri xiyabanda Ulu Öndərin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlandı.

Energetiklər günü münasibətilə iştirakçıları təbrik edən “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev çıxışında respublikamızın hələ Sovet İttifaqının tərkibində olduğu dövrdə ölkənin sənaye potensialının gücləndirilməsinin enerjisistemin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyevin bu məsələyə xüsusi diqqət yetirdiyini və elektroenergetikanın bugünkü inkişafının təməlini qoymasını qeyd etdi. Ulu Öndərin səyi nəticəsində həmin illərdə elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində görülmüş çox böyük işlər barəsində məlumat verən natiq Cənubi Qafqaz regionunda ilk ən böyük istilik elektrik stansiyasının Mingəçevirdə tikilib istifadəyə verilməsini, həmin bu  "Azərbaycan" İstilik Elektrik Stansiyasının hazırda da uğurla istismar edilməsini və respublikamızın elektrik enerjisinə tələbatının çox böyük bir hissəsini  ödədiyini vurğuladı.

Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə bu vəzifələrin yerinə yetirilməsi, enerjisistemin yenidən qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirdiyini qeyd edən E. Pirverdiyev onu da bildirdi ki, görülmüş işlər nəticəsində Azərbaycanın elektroenergetika sistemi XXI əsrə nəzərəçarpan inkişaf meylləri ilə qədəm qoydu.

O da qeyd edildi ki, Ulu Öndərin milli inkişaf naminə başladığı bütün işlər kimi, elektroenergetika sahəsində də quruculuq tədbirlərini Möhtərəm  Prezidentımiz cənab İlham Əliyev uğurla davam etdirərək indiki yüksək səviyyəyə çatdırdı. Elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına dair genişmiqyaslı layihələr regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının tərkib hissələrindən biri oldu. Regionların inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində respublikanın müxtəlif yerlərində ondan artıq elektrik stansiyası inşa olundu və yenidən quruldu. Bölgələrdə inşa edilən yeni elektrik stansiyaları nəinki enerji mənbəyi, həm də yüzlərlə yerli sakin üçün iş yeri oldu.

Bu gün Azərbaycan, regionun ən güclü və inkişaf etmiş elektrik enerjisi sisteminə malikdir. Ölkənin elektrik enerjisinə olan tələbatı tam ödənilmişdir və Azərbaycan artıq qonşu dövlətlərin elektrik enerjisi təhlükəsizliyində mühüm rol oynayır.

Digər çıxış edənlər elektrik enerjisi sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən danışdılar.

Tədbirdə Dövlət Başçısına müraciət qəbul edildi.