QABAQLAYICI TƏDBİRLƏR ÖZ SÖZÜNÜ DEYİR

Image

İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, itkilərin azaldılması məqsədilə müxtəlif gərginlikli paylayıcı və ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi energetiklərin  ən mühüm vəzifələrindən biridir. Şəbəkələrin mövsümə hazırlanması ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində mövcud iqlim şəraitində xoşagəlməz hadisələr baş verməmişdir. İstehlakçıların daha da yaxşı elektrik enerjisi təchizatında kəmiyyət və keyfiyyət dəyişikliyinə nail olunmuşdur.

“Xaçmaz Elektrik Şəbəkəsi”ndə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata əsasən, şəbəkədə əsaslı və cari təmir işləri davam etdirilir.

Mənbənin bildirdiyinə görə, cari ilin son üç ayı ərzində “Xaçmaz” yarımstansiyasından doydurulan 10 kV-lik “Yergüc”, “Nizova” və digər bir neçə hava xəttində (HX) həyata keçirilmiş təmir işləri zamanı 3,6 kilometrdən artıq naqil yenisi ilə əvəzlənmiş və 62,3 kilometr məsafədə isə cari təmir işləri görülmüşdür. Eyni zamanda 32,2 kilomet məsafədə budama işləri aparılmış, 7 dayaq dəmir dayaqla əvəzlənmiş və eyni sayda dayaq düzləndirilmişdir. Bütün bunlarla yanaşı 17 transformator məntəqəsində də təmir işləri aparılmış və müxtəlif gücdə 4 transfortmator da təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.

Qeyd edək ki, texnoloji itkilərin azaldılması məqsədilə 3 transformator yükə uyğun yenisi ilə əvəzlənmişdir.

Yeri gəlmişkən, sayğac-uçot komplektinin sərhəd xəttində, xüsusi qutularda və baxış üçün maneəsiz  yerdə  quraşdırılması ilə əlaqədar həyata keçirilmiş yenidənqurma və təmir- tikinti işləri zamanı burada 240-a yaxın sayğac quraşdırılmış, 2,3 kilometrdən artıq kabel xətti çəkilmişdir.

“Elektrik enerjisindən istifadə qaydaları”nın pozulmasına görə keçırılmış reydlər zamanı aşkar edilmiş nöqsanlar barəsində əldə etdiyimiz məlumata istinadən bildirək ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində 6 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlara əsasən müvafiq qaydada hesabatlar aparılaraq 2,9 min  kilovatsaatdan artıq (bunun 1,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir.

Qeyd edək ki, cari ilin 6 ayı ərzində aşkar edilmiş qayda pozuntularına görə isə 188 akt tərtib olunmuş, 499,2 min kilovatsaatdan artıq (bunun 386,3 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 30 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.