“BAĞLAR”DA TƏMİR İŞLƏRİ APARILIB

Image

Ölkənin böyük enerji müəssisələrindən biri sayılan “Sumqayıt REŞ” MMC-nin xidməti ərazisinə daxil olan “Bağlar Elektrik Şəbəkəsi” üzrə bir sıra təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Enerji obyektindən Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinə bu barədə məlumat verilərək  bilidirilmişdir ki, təmir işlərinə transformator məntəqələrinin bərpası, yeni məftillərin quraşdırılması, izolyatorların əvəzlənməsi, dayaqların düzəldilməsi və s. daxildir.

Mənbədən bildirilir ki, cari ilin son üç ayı ərzində dayanıqlığın daha da artırılması və texniki itkilərin azaldılması məqsədilə  REŞ-in balans mənsubiyyətinə aid olan 10 kV-lik “Məhəmmədli”,  6 kV-lik “Mehdiabad”, “Bağ” hava elektrik verilişi xətləri üzrə yağ açarları dəyişdirilmiş,  müxtəlif güclü transformatorlar cari təmir edilmiş, dayaqlar bərpa edilmişdir.

Təmir-bərpa işlərinə 35/6  kV-lik   “Sarıqaya” yarımstansiyası, “Novxanı” və “Gorədil” bağ   hava elektrik verilişi xətləri də daxildir. Qeyd edək ki, bu enerji təsərrüfatlarında da analoji təmir-bərpa işləri yerinə yetirilmiş, avadanlıqlar və yardımçı avadanlıqlar normal iş rejiminə gətirilərək abonentlərin istifadəsinə verilmişdir. “Bağlar” EŞ üzrə yeni SİP kabellərinin quraşdırılması və əvəz edilməsi də yenidənqurma işlərinin tərkib hissəsin təşkil etmişdir.

Bütün bunlarla yanaşı, şəbəkə üzrə yanğın təhlükəsizliyi tədbirləri də uğurla yerinə yetirilmişdir. Bu tədbirlər sırasina müvafiq yanğınsöndürmə dəstlərinin alınması, yanğınsöndürmə dəstələrinin yaradılması, işçi heyətinin müvafiq qaydada biliklərinin yoxlanılması, yanğın törədə biləcək əşyaların mütəmadi olaraq təmizlənməsi, alçaq və yüksək gərginlikli paylayıcı qurğuların aidiyyəti xidmətlər tərəfindən yoxlanılması daxildir. Müəssisədən bildirildiyinə görə, “Bağlar” elektrik şəbəkəsi yanğından təhlükə baxımından və texniki göstəricilər baxımından  mövcud iqlim şəraitinə  tam hazırdır və normal qaydada fəaliyyət göstrəir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin iyun ayında müəssisənin xidməti ərazilərində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 47 istehlakçının (bunun 40-dan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur  aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 97,6 min kilovatsaata yaxın (bunun 90,8 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 5,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 95 faizdən artıq hissəsi hesabat ayında ödənilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 320-dən artq (bunun 300-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 875,7 min kilovatsaatdan artıq (bunun 554 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 52,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.