“GORANBOY”DA TƏMİR İŞLƏRİ APARILIB
Enerji obyektlərində aparılan yenidənqurma işləri “Mingəçevir” REŞ-in xidməti ərazisindəki 6-10 və 0,4 kV-lik paylayıcı şəbəkələrdən də yan keçmədi. Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə bu barədə geniş məlumat verilmiş və bildirilmişdir ki, “Mingəçevir” REŞ-in xidməti ərazisində istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerji təminatının təmin edilməsi məqsədilə 10, 6 və 0,4 kV-lik paylayıcı şəbəkələrdə son üç ay ərzində bir sıra müxtəlif təyinatlı tədbirlət həyata keçirilib. Qeyd edək ki, REŞ-in balans mənsubiyyətinə daxil olan “Goranboy” elektrik şəbəkəsi də bu sıradan olan enerji təsərrüfatlarından biridir. Enerji obyektindən bildirilir ki, texniki göstəricilərin daha da yaxşılaşdırılması məqsədilə şəbəkə üzrə 35/10 kV-lik “Dəliməmmədli”, 110/35/10 kV-lik “Xocalı” , 35/10 kV-lik “Goranboy”, 110/10 kV-lik “Veyisli”, 110/35/10 “Çaylı” yarımstansiyalarında və onların yardımçı avadanlıqlarında əsaslı və cari təmir işləri yerinə yetirilmişdir. Təmir-bərpa işlərinə yarımstansiyalardan çıxan hava elektrik verilişi xətləri üzrə naqillərin və izolyatorların dəyişdirilməsi, trassanın yaşıl kütlədən təmizlənməsi və dayaqların yeniləri ilə əvəz edilməsi işləri daxildir. Mənbədən bildirildiyinə görə 10 kV-lik EVX-lər üzrə bu ilin son üç ayı ərzində ümumilikdə 14 kilometrdən artıq məsafədə təmir-bərpa işləri həyata keçirilmişdir. Elektrik şəbəkəsinin 0,4 kV-lik xətlərində də analoji tədbirlər yerinə yetirlib. Məsələn, Səfibəyli kəndində yerləşən 160 KVA transformator məntəqəsinin 0,4 kV-lik şəbəkəsində yüklərin simmetrik bölünməsi üçün təxminən 100 metr məsafədə 0,4 kV-lik xətt çəkilmiş, Todan kəndində isə elektrik enerjisinin dayanıqlığının daha da yaxşılaşdırılması məqsədilə 0,1 kilometr məsafədə əlavə xətt çəkilişinə nail olunmuşdur. Bundan əlavə, Qaradağlı və Xoylu kəndlərindəki EVX-lər üzrə də müvafiq təmir işləri aparılmışdır. Qeyd edək ki, 0,4 kV-lik EVX-lər üzrə cari ilin son üç ayında 5,6 kilometrdən artıq məsafədə əsaslı və cari təmir işləri yerinə yetirlimiş, xeyli sayda dayaq dəyişdirilmişdir.
Yenidənqurma işlərinə 21 ədəd transformator məntəqəsinin, 8 ədəd transformatorun təmiri də daxildir. Rayon üzrə sayğac quraşdırma işləri də yerinə yetirlmişdir. Mənbədən bildirilir ki, son üç ay ərzində burada elektrik şəbəkəsi üzrə 470-dən artıq abonentə yeni sayğac quraşdırılmış, 280-a yaxın isə zədəli sayğac dəyişdirilmişdir.
Belə ki, cari ilin iyun ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 104 istehlakçının (bunun 80-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilərək 334,9 min kilovatsaatdan artıq (bunun 184,6 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 20,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 6 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 830-a yaxın qayda pozuntusu faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir ki, bunun da 747-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir. Nəticədə 2 milyon 877 min kilovatsaatdan artıq (bunun 1 milyon 952,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 172,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövrü ərzində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, bütün bu görülmüş işlər itkilərin azaldılmasına, o cümlədən kommersiya itkilərinin qarşısının alınmasına da kömək edir.