“BAKI İEM”: TƏMİR İŞLƏRİ UĞURLA HƏYATA KEÇİRİLİR

Image

Ölkənin enerji təhlükəsizliyi üçün yaradılmış təminatlar əsasında generasiya güclərinin daha da artırılması, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində istismara verilmiş elektrik stansiyalarından biri də “Bakı İstilik Elektrik Mərkəzi”dir. Həm elektrik, həm də istilik enerjisi istehsalı üzrə ixtisaslaşmış bu müəssisədə də mövsümə hazırlıq tədbirləri davam etdirilir.

Müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, dispetçer qrafikinə uyğun olaraq cari ilin 6 ayı ərzində 266,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində digər texniki iqtisadi göstəricilər üzrə də yüksək göstəricilərə nail olunub.

Qeyd edək ki, müəssisədə cari ilin iyun ayında 47,5 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir.

Cari ilin ötən son üç ayı ərzində həyata keçirilmiş təmir-tikinti işləri barəsində mənbədən o da bildirilir ki, 2 saylı qaz turbin qurğusunun (QTQ) bütün mühərrikləri təmir olunmuşdur. Paralel olaraq generatoru da əsaslı təmir edilmiş və hazırda bu qurğuda təftiş işləri davam etdirilir. Bundan əlavə pik boyleri də əsaslı təmir olunmuşdur. Bütün bunlarla yanaşı 1 saylı QTQ-də də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.

Yeri gəlmişkən, sözügedən dövrdə müxtəlif təyinatlı təmir işləri kimya sexində, dəniz su xəttində, hava kompressosrlarında və digər köməkçi sahələrin avadanlıqlarında da həyata keçirilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, 110 kV-lik yarımstansiyada  da təmir işləri həyata keçirilmişdir. Belə ki, 8 nömrəli transformatorun kabeli bərpa olunmuş və transformator yoxlanılmışdır. 2-ci “8-ci km” HX-nin 110 kV-lik yağ açarı təmir olunmuş, 9-cu HX-nin isə 35 kV-lik dövrəsi təmir edilmişdir. 10 nömrəli transformatorun, mazut nasoslarının təmiri, hidravliki klapanların təmizlənməsi və sairə görülən işlər sırasındadır. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir. Bura istehsalat sahəsində görülən təmir və abadlıq işləri ilə paralel olaraq müəssisənin inzibati binasında, həmçinin ayrı-ayrı xidmətlərin normal fəaliyyət göstərmələri üçün yaradılmış  şəraiti də əlavə etmək mümkündür.

Onu da qeyd etmək yerinə düşərdi ki, mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir.

Sonda onu da qeyd edək ki, burada payız-qış mövsümünə hazırlıq məqsədilə tədbirlər planında nəzərdə tutulmuş işlər qrafikə uyğun davam etdirilir.

Xatırladaq ki, “Bakı İEM”də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz turbin qurğusu fəaliyyət göstərir.