ENERJİ TƏMİNATINI DAHA DA YAXŞILAŞDIRMAQ ÜÇÜN

Image

 

«Mingəçevir REŞ» MMC-nin tərkibində fəaliyyət göstərən “Ağdam Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi bu ilin birinci yarısını uğurla başa çatdırıb. Cəbhə bölgəsində çalışan energetiklər istehlakçıların dayanıqlı və fasiləsiz enerji təchizatı üçün bir sıra texniki-təmir işləri həyata keçiriblər. Bu da enerjinin istehlak dəyərinin ödənilməsinə də öz müsbət təsirini göstərib.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, şəbəkənin təmirçilər briqadası tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, yarımillikdə 10 kV-lik EVX-lərdə 6,7 km-lik hissədə əsaslı və cari təmir aparıblar. 0,4 kV-lik xətlərdə isə 8 km-lik məsafədə əsaslı və cari təmir işləri görülüb.  Bundan əlavə, transformator təsərrüfatında təmir işləri həyata keçirilib, 10/0,4 kV-lik 64 transformator məntəqəsi cari təmir olunub. 10/0,4 kV-lik 9 transformator isə əsaslı təmirdən sonra yenidən şəbəkəyə qoşulub. 12 transformator məntəqəsində isə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, rayonun 10 kV-lik «Əfətli» xəttində 17, «Çəmənli» xəttində 5 dayaq yenisi ilə əvəz olunub, 436 təzə  mənzildə yeni elektrik sayğacı quraşdırılıb, müxtəlif səbəblərdən yararsız hala düşmüş 310 sayğac isə  dəyişdirilib. Sonda onu da qeyd edək ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.