“SUMQAYIT ES”: REAL İŞLƏRİN NƏTİCƏSİ

Image

Ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar iqtisadiyyatın digər sahələri kimi elektrik enerji sisteminin də davamlı və tarazlı inkişafına müsbət təsir göstərmişdir.  Belə ki, bu istiqamətə yönəldilmiş bir sıra mühüm dövlət proqramları respublikanın bütün istiqamətlərində olduğu kumu, ikinci sənaye şəhəri olan Sumqayıtda da uğurla həyata keçirilir. O cümlədən, ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyası da iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolunu qeyd etmək lazımdır.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiya ötən dövrlərdə olduğu kimi, cari ilin 6 ayı ərzində də dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərmiş və 910,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal etmişdir. Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki-istehsalat göstəriciləri üzrə də yüksək nəticələr əldə edilmişdir.

Mənbəyə istinadən qeyd edək ki, cari ilin son 3 ayı ərzində sahil nasosxanasında iki ədəd sahil su nasoslarında modifikasiya işləri aparılmışdır. Eyni zamanda 11-ci və 12-ci qaz turbini və generatoru, həmçinin buxar turbininin generatoru təftiş olunmuşdur. Bütün bunlarla yanaşı stansiyanın optimal iş rejimini saxlamaq üçün avadanlıqlara texniki xidmət göstərilmişdir.

Onu da qeyd etymək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Sexlər, inzibati bina və yardımçı binalar yanğınsöndürmə avadanlıqları ilə təmin olunmuş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda sözügedən dövrdə bir sıra yanğın texniki tədbirlər həyata keçirilmişdir. Buna Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun şəxsi heyəti ilə birgə 2 dəfə ümumi obyekt təlim məşq toplantısının keçirilməsini, Könüllü Yanğın Dəstələrinin (KYD) yanğın döyüş hazırlığı çərçivəsində sexlərarası yarışların və məşqlərin keçirilməsini göstərmək olar.

Xatırladaq ki, hər birinin gücü 164 meqavat olan iki ədəd qaz turbini və gücü 189 meqavat olan bir ədəd buxar turbini quraşdırılmış bu stansiyada dünya standartlarına cavab verən ən müasir avadanlıqlar istismar olunur. Elektrik stansiyasında istehsal olunan elektrik enerjisinin enerji sistemə ötürmək üçün hər birinin uzunluğu 6,5  kilometrə yaxın olan iki ədəd 220 kilovoltluq "Sənaye qovşağı" və "Yaşma" hava xətləri çəkilərək istismara verilmişdir. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və 2010-cu ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınmışdır.